AZ

“Nemət Pənahlı özü etiraf elədi ki, məni Meydanda mitinqlər başlamamışdan instruktaj ediblər...”

“Və Nemətin tərəfdarları Meydana nəzarətə ələ keçirdikdən sonra orada insanlardan millyonlarla rubl məbləğində pul toplandı... Onlara inanan xanımlarımız nişan üzüklərini, boyunbağılarını verdilər...”
 
“Həmin gün, yəni 1988-ci il noyabrın 17-də Azadlıq meydanına gedincə milislər 6 yerdə bizim qarşımızı kəsdilər. Bir neçə dəfə mənə də zərbə vurdular, huşumu itirdim. Ədalət Tahirzadənin oğlu Həmidin mənə verdiyi iki Azərbaycan bayrağını əlimdən aldılar. Səhər saat 8-dən Sabir bağında yerdə oturduq. Sonra, nəhayət,  Meydana girə bildik. O vaxt yalnız Bakıya yalnız Azərbaycan milisi nəzarət etmirdi, Rusiyadan, Omsk şəhərindən daxili qoşunlar da gətirilmişdi”. 
 
Bunu Moderator.az-a açıqlamasında 36 il öncə 17 noyabr- Milli Dirçəliş gününün əsasının qoyulduğu Meydan hərəkatından danışan məhz 17 noyabr 1988-ci ildə başlayan ilk mitinqlərin əsas təşkilatçısı Ənvər Əliyev söyləyib. 
 
“Moskvada da əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar. Və bəzi məsələlərdən xəbər tutanda iş yerlərində bizlərə təzyiqlər edilirdi. Bəli, yalnız biz gənc alimlər, Universitetin tələbələri deyil, digər universitetlərin də tələbələri hərəkata qoşulduqdan sonra hökumət də milis də başa düşdü ki, artıq minlərdən yox, yüz minlərdən söhbət gedir və bu axının qarşısını almaq mümkün deyil. Ona görə də hərəkata müqavimət göstərməkdən çəkindilər”, -deyə davamında bildirib.
 
Keçmiş hərəkat lideri “İlk günlər sizin  və digər alim və tələbələrin təşkilatçılığı Bəxtiyar Vahabzadə, Ziya Bünyadov kimi ziyalıların çıxışlarıyla başlanan mitinqlərin sonrakı günlər zavod fəhləsi Nemət Pənahlı və tərəfdarlarını təzyiqi ilə onların idarəçiliyinə keçməsi şübhəli deyildi ki?” sualını da cavablandırıb.
 
“Nemət Pənahlı özü etiraf elədi ki, məni Meydanda mitinqlər başlamamışdan əvvəl belə instruktaj ediblər, mən söz vermişdim... Hamısı istintaq sənədlərində yazılıb... Və Nemətin tərəfdarları Meydana nəzarətə ələ keçirdikdən sonra orada insanlardan millyonlarla rubl məbləğində pul toplandı... Onlara inanan xanımlarımız nişan üzüklərini, boyunbağılarını verdilər... Və s. və i.a. Bütün bunları yada salanda dəhşətə gəlirəm... Nemətin öz vəkili Ramiz Zeynalov sonralar görüşəndə mənə deyirdi ki, meydanda hər şeyi sən başlatmısan, hər işi sən görmüsən – nədən utanırsan...”- deyə keçmiş hərəkat lideri nəzərə çatdırıb.
 
Qeyd: Hörmətli  Ənvər Əliyevlə 18 gün davam etmiş və dünyada da tarixin ən böyük milli azadlıq hərəkatlarından biri kimi əks-səda doğurmuş Meydan Hərəkatı, Milli Dirçəliş Günü barədə daha ətraflı və maraqlı açıqlamalarıyla yaxın müddətdə tanış ola bilərsiniz.
 
Sultan Laçın
 
Seçilən
10
moderator.az

1Mənbələr