AZ

“Xalq birləşmək üçün Azadlıq meydanını seçdi“ - ŞƏRH EDİLDİ

“17 noyabr Azərbaycan xalqının tarixində mühüm hadisələrdən biridir. Məhz bu gün xalq ilk dəfə olaraq birləşmək və öz etirazını bildirmək üçün Azadlıq meydanını seçdi. Bakının ayrı-ayrı yerlərindən, öndə tələbələr olmaqla əhali azadlıq meydanına axışır, ümumi fikirləri ifadə edirdi. Azadlıq meydanına toplaşan əhali bir tərəfdən Sovet hakimiyyətinin ədalətsiz siyasətini tənqid edir, digər tərəfdən isə ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarını rədd edirdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 17 noyabr tarixi yetmiş illik Sovet dönəmində ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarını dünyaya yaydığını, həqiqətə uyğun olmayan məlumatlar yaydığını göstərdi: “Sözügedən 70 il ərzində Azərbaycan isə xalqlar dostluğunu tərənnüm edir, beynəlmiləl siyasət yeridir və Sovet ideologiyasının təbliği ilə məşğul olurdu. Buna görə də 1980-ci illərin sonlarında Sovet dövləti süqut edərkən ermənilərə dəyər verən dünya Azərbaycanın haqqını tanımır və ermənilərin yalançı göz yaşlarına inanırdılar. Həmçinin dünya ermənilərin Azərbaycana olan ərazi iddialarını dəstəkləyərək, qəbul edirdi. Bu səbəbdən də 17 noyabr xalqın dirçəlişidir. Doğrudur, biz gecikmişdik. Lakin bizdən fərqli olaraq erməni hakimiyyəti və erməni ziyalıları Azərbaycana qarşı ərazi iddiası məsələsində birləşə bildilər.

Çox təəssüf ki, Azərbaycanın milli demokratik ziyalıları Azərbaycan hakimiyyəti tərəfindən müdafiə olunmadı, qəbul edilmədi. Yəni, ədalətsiz erməni tərəfi birləşə bildi, öz haqlarını müdafiə edən Azərbaycan isə içəridən birləşə bilmədi. Bütün bunlar keçdiyimiz tarixi yoldur. Bu tarixin nəticəsi olaraq Azərbaycan ilk nəticədə məğlubiyyətlə qarşılaşdı, torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olundu. Amma bundan da Azərbaycan nəticə çıxartdı və 44 günlük Vətən müharibəsi ilə düşməni darmadağın etdik, ərazi bütövlüyü və suverenliyimizi bərpa etdik”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
5
1
sia.az

2Mənbələr