AZ

Azərbaycan COP29-da qlobal iqlim liderliyini nümayiş etdirir

Bu günlər Azərbaycan dünyanın ən böyük tədbirinə – COP29-a ev sahibliyi edir. Ölkəmiz BMT-nin bu mötəbər tədbirini ən yüksək səviyyədə təşkil edib. Bunu COP29-da iştirak edən dövlət və hökumət başçıları da vurğulayıblar. COP29-un açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iqlim dəyişiklikləri ilə mübarizədə ölkəmizin verdiyi töhfələr, eləcə də digər aktual məsələlərlə bağlı fikirlərini ifadə edib.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım deyib.

İqlim dəyişikliklərinin bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayandığını bildirən deputat əlavə edib: “Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir”.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı çıxışında ölkəmizin yaşıl enerji ilə bağlı hədəflərini açıqlayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də tarixi bir qərar oldu. Nəzərə alaq ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bu baxımdan, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzindədir. Beynəlxalq birlik ölkəmizin bu səylərini təqdir edir və dəstəkləyir.

“Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi nəzərdə tutulur. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Açılış mərasimində Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini vurğulayıb. Hazırda azad olunmuş ərazilərdə yaşıl enerji zonası kimi mühüm işlər görülür”, – deyə deputat bildirib.

O deyib ki, müəyyən Qərb dairələrinin COP29-un ölkəmizdə keçirilməsini pozmaq üçün cəhdləri iflasa uğradı. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-un təşkilinə mane olsunlar. Lakin bu cəhdlər heç bir nəticə vermədi. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min nəfər qeydiyyatdan keçib. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Bu fakt anti-Azərbaycan mövqeyindəki mərkəzlərə tutarlı cavabdır. Şübhəsiz ki, Azərbaycanda keçirilən COP29 qlobal iqlim dəyişikləri ilə mübarizəyə böyük töhfələr verəcək.

Seçilən
6
xalq.az

1Mənbələr