AZ

Emin Mahmudov millinin heyətindən kənarlaşdırıldı

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov zədələndiyi üçün Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Onun əvəzində “Zirə”nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması ilə qarşılaşacaq. Yığmamızı noyabrın 19-da da Solnada İsveç seçməsi ilə qarşılaşma gözləyir.

Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”də çıxış edir. 32 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 239 oyun keçirib. Emin bu oyunlarda 56 qol vurub, 59 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib.

Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında 53 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

İsmayıl İbrahimli isə 2023-cü ilin yayından “Zirə”də çıxış edir. Müqavilə ilə “Qarabağ”a məxsus olan 26 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 108 (7 qol, 10 assist), paytaxt klubunda isə 52 (1 qol, 2 assist) oyun keçirib. O, daha öncə MOİK və AZAL-da da çıxış edib.

İsmayıl İbrahimli 2020-ci ilin oktyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 8 oyun keçirib. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Emin Mahmudovdan öncə “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadəni də zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırmış və əvəzində “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya dəvət göndərmişdi.

Seçilən
9
arena.az

1Mənbələr