AZ

Nə üçün bəzi insanlar həkimə getməkdən qorxurlar? - SƏBƏBLƏR

"İnsanların həkimə getməkdən qorxmasının psixoloji tərəfləri çox mürəkkəbdir. Çünki bu, bir neçə fərqli səbəbdən yaranır". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu qorxular yalnız fiziki narahatlıqdan deyil, həm də daxili psixoloji faktorlar və keçmiş təcrübələrlə əlaqəli olur:

"Bir çox insan həkimə getməkdən qorxur, çünki müayinə zamanı pis  diaqnozla qarşılaşa biləcəklərini düşünürlər. Xəstəliklə bağlı bu narahatlıq qorxunun əsasını təşkil edir. İnsanlar ciddi xəstəliklər barədə məlumat alacaqlarından narahat olurlar. 

Bu isə "gələcək haqqında qeyri-müəyyənlik" və "həkim xəstə olduğumu desə nə edəcəm?" kimi düşüncələrə yol açır. Nəticədə, bu qorxu insanı həkimə getməkdən çəkinməyə və ya təxirə salmağa vadar edir". 

362374

Onun sözlərinə görə, bəzi şəxslər, daha çox sovet dövrünün insanları xalq təbabəti ilə xəstəliklərinə şəfa tapacaqlarını düşünərək həkimə getməkdən imtina edirlər:

"Yəni problemlərin gerçək olduğunu qəbul etməkdən çəkinirlər. Ona görə də həkimə getməmək, müalicə almaq və ya müayinə olmaqdan qaçırlar. Bu davranışın isə arxasında "inanmamaq" və ya "xəstəliyi inkar etmək" psixoloji mexanizmi dayanır. Əgər insan xəstəliyini inkar etsə, problem olmadığına inanır və buna görə də həkimə getmək istəmir. Bu qorxu çox vaxt insanların ölümlə və reallıqla üzləşmək istəməməsi ilə bağlı ortaya çıxır". 

Psixoloq həkimə getməkdən çəkinən bəylər barədə də danışıb:

"Bəzi bəylər həkimə getməkdən yayınırlar. Çünki həkimə getdikdə özlərini zəif, dəyərsiz və ya utancaq hiss edə bilirlər. Bu, xüsusilə kişinin güclü, sağlam olmasına dair cəmiyyətdən gələn gözləntilər və ya cinsiyyətə dayalı stereotiplərlə əlaqəlidir. Həkimə getdikdə hansısa xəstəliyinin olduğunu bilir, bu isə özünəinamla bağlı narahatlığa səbəb olur".

Zəhra Zahidova bəzi insanların həkimə inamsızlığın səbəblərini də sıralayıb:

"Travmatik təcrübələr, yanlış diaqnoz, səhv müalicə və ya zorlayıcı prosedurlar, insanların həkimə olan inamını azala bilir. Şəxs özü belə bir hal yaşayıbsa və ya yaxınlarından eşidibsə, onda güvən problemi yaranır. Bu isə həkimə getməkdən qorxmağa gətirib çıxarır. Əslində, bütün bu qorxuların kökündə ölüm qorxusu yer alır". 

Müsahibizin sözlərinə görə, bəzi insanlar da sosial və maddi qorxuları olduğu üçün həkimə getmək istəmirlər:

"Çünki sağlamlıq xidmətlərinə daxil olmaq, xüsusən də zəif iqtisadi vəziyyətdə olanlar üçün çox vaxt maliyyə baxımından çətinlik yaradır. Müayinə və müalicə xərcləri ilə bağlı qorxu insanlarda müalicə almağa başlamadan əvvəl psixoloji problemlərə səbəb olur. 

Həmçinin, ətraf mühitin gözləntiləri və ya özlərini cəmiyyətdə "güclü və sağlam" göstərmək istəyi, həkimə getməmək üçün əlavə bir psixoloji maneə yarada bilir. Ümumiyyətlə, müalicə beyində başlayır. Yəni psixoloji olaraq özümüzü necə hiss etsək, qəbul etdiyimiz müalicələrdən də o nəticəni alacağıq".

Pərviz

Seçilən
11
hit.az

1Mənbələr