AZ

AFFA rəsmisi: COP29-dan sonra Azərbaycanın daha nüfuzlu idman yarışlarına ev sahibliyi edəcəyinə inanıram

AFFA

“Azərbaycan əvvəlki illərdə də FIFA-nın və UEFA-nın bayrağı altında keçirilən əhəmiyyətli yarışlara ev sahibliyi edib. COP29-dan sonra isə ölkəmizin daha nüfuzlu yarışları qəbul edəcəyinə və bu cür turnirlərin sayında artım olacağına inanıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov dünyanın məşhur futbol adamlarının COP29-la bağlı Azərbaycana səfərlərinin ölkə idmanına verə biləcəyi töhfələr barədə danışarkən deyib.

O bildirib ki, bu cür tanınmış şəxslərin Azərbaycana gəlişi ölkəmizin beynəlxalq idman arenasındakı nüfuzunu daha da artıracaq: “Bu, futbolun daha da populyarlaşmasına, kiçikyaşlı uşaqların bu idman növünə maraq göstərməsinə, eləcə də bu sahəyə yatırımların olmasına kömək edəcək. Amma təkcə onların buraya gəlməsi ilə kifayətlənmək olmaz. Bu yolda biz özümüz də çalışmalıyıq”.

A.Kərimov Prezident İlham Əliyevin FIFA prezidenti Canni İnfantino ilə görüşünə də toxunub. Xatırladıb ki, görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.

“Artıq beynəlxalq turnirlərdəki uğurlu təşkilatçılığımızı hər kəsə sübut etmişik”, - deyə o əlavə edib.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantinodan başqa, dünya futbolunun braziliyalı canlı əfsanəsi Ronaldinyo da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycana səfər edib.

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr