Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Muğamlar” sarayında “Qorqud Ata” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Hafta.az-ın yazdığına görə, türk dövlətləri nümayəndələrinin iştirakı ilə təşkil olunan beynəlxalq film festivalının əsas məqsədi kino sahəsində əməkdaşlığı genişləndirmək, kinematoqrafiyanı inkişaf etdirmək və türk xalqının mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaqdır.
Festival qədim türkmən şəhəri Anevin 2024-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Aşqabadda keçirilir. Ötən il III Türk Dünyası Film Festivalında Türkmənistan “Qorqud Ata” festivalının simvolu olan “Durna” heykəlciyini alıb.
Açılış mərasimində türkdilli dövlətlərin aktyorları, rejissorları, prodüserləri, o cümlədən Türkmənistanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, beynəlxalq təşkilatların, ictimai qurumların təmsilçiləri iştirak ediblər.
Tədbirdən əvvəl fəxri qonaqlar qırmızı xalça üzərindən keçərək mərasim zalına daxil olublar. Bunun ardınca türkdilli ölkələrin nümayəndə heyətlərinin nümayəndələri çıxış ediblər.
Festival Saparmurat Türkmənbaşı adına Türkmənistan Baş Akademik Dram Teatrının artistlərinin və ölkənin rəqs kollektivlərinin ifasında “Türkmən dünyası” adlı ədəbi-musiqili əsərlə açılıb. Festival daha sonra Oğuzhan adına Türkmənfilm Birliyinin hazırladığı “Qorqud Ata” klipinin nümayişi ilə davam edib.
Daha sonra milli geyimli uşaq Türkmənistanın bu il Qazaxıstana təhvil verəcəyi festivalın simvolu olan “Durna” heykəlcikini səhnəyə gətirib. Mərasimdən sonra festivalın münsiflər heyəti qonaqlara təqdim olunub.
Sonra qonaqlara “Qorqud Ata” kinofestivalında iştirak edən bədii və sənədli filmlərdən ibarət qısametrajlı videoçarxlar nümayiş olunub.
Film festivalının ikinci gününün proqramına Türkmənistan Dövlət Mədəniyyət İnstitutunun tələbələri üçün kino sənətçilərinin ustad dərsləri daxildir. Bundan əlavə, həmin gün Aşqabad otelində TÜRKSOY-a üzv ölkələrin kino xadimləri ilə görüş keçiriləcək və Beynəlxalq Axal-Təkə Atçılıq Kompleksinə səyahət təşkil olunacaq.