AZ

“Veteran pulu” ilə bağlı TƏKLİF: Ən azı iki dəfə… – FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə bu yaxınlarda aydınlıq gətirib. O, jurnalistlərə açıqlamasında bununla bağlı sosial paketin müzakirədə olduğunu bildirib. Qeyd edib ki, müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. S.Babayev vurğulayıb ki, müzakirələr yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı Fərmana uyğun olaraq, hazırda müharibə veteranlarına ayda 80 manat təqaüd verilir. Sözsüz ki, bu, böyük məbləğ deyil. Ona görə də bu məbləğin artırılması barədə cəmiyyətdə daim müzakirələr aparılıb. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, müharibə veteranlarına verilən aylıq təqaüdü nə qədər olmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın ərazi bütövlü uğrunda gedən döyüşlərdə iştirak edən müharibə veteranlarına ödənilən Prezident təqaüdünün miqdarının artırılması sosial sifarişə çevrilib.

Onun sözlərinə görə, müharibə iştirakçılarına verilən “veteran pulu” ən azı iki dəfə artırmalıdır: “Məbləğin artırılması ilə bağlı Milli Məclisin deputatları, mütəxəssislər və iqtisadçılar dəfələrlə çıxışlar edib, təkliflər səsləndiriblər. Ona görə də bu məbləğin artırılması üçün çox ciddi sosial sifariş formalaşdığını rahatlıqla deyə bilərik. Bir tərəfdən isə 2019-cu ildə bu təqaüd təyin edildikdən indiyə qədər ötən vaxt ərzində Azərbaycanda mövcud olan ərzaq qiymətləri, xidmət sektoru, nəqliyyat xərcləri, internet, telefon və kommunal xidmətlərə görə xərclər bir necə dəfə artıb. Bəzilərində 50 faiz, digərlərində isə bu artım 100 faizə qədərdir. Belə olan halda təbii ki, dövlətimiz Azərbaycanın ərazi bütövlüyü üçün döyüşən şəxslərin sosial müdafiəsini də diqqətə almalıdır. Sağlam məntiqə və Prezident təqaüdü olmasına uyğun rəqəmə gətirib çıxarmalıdır. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları ölkəmizin maddi imkanlarını, mövcud bazar qiymətlərini, istehlak xərcləri və kommunal ödənişləri nəzərə alaraq, veteranlara ödənilən məbləği heç olmasa iki dəfə artırmalıdır”.

Nailə QASIMOVA

Seçilən
2
medianews.az

1Mənbələr