AZ

Fransanın Afrikada törətdiyi ekoloji cinayətlər - Ekspert SADALADI

Bakıda keçirilən COP29 tədbirinin üçüncü günündə fransalı nazir iqlim danışıqlarından geri çəkilib. Belə ki, Fransanın ekologiya naziri Agnes Pannier-Runacher rəsmi Parisin Yeni Kaledoniyada “müstəmləkə cinayətlərində” ittiham edilməsindən sonra bu addımı atıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, sözügedən ölkənin COP29 dövründə Afrikada törətdiyi ekoloji cinayətləri yada salmaq lazımdır. Ekspert bu istiqamətdə bir sıra nümunələrdən söz açıb:

 

“Fransa Nigeriyada “Orano” şirkəti vasitəsilə genişmiqyaslı uran çıxarır. Bu proses böyük miqdarda radioaktiv tullantılar və toz yaradır, yerli icmaların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Qabon, Konqo və Çad kimi ölkələrdə isə Fransanın “Total” şirkəti neft çıxarır və neft kəşfiyyatı aparır. Bu fəaliyyətlər su mənbələrinin neft tullantıları ilə çirklənməsinə, torpağın yararsız hala düşməsinə və biomüxtəlifliyin azalmasına səbəb olur. Fransa Afrika ölkələrinə qadağan edilmiş və ya yüksək zəhərli pestisidlər ixrac edir. Bu kimyəvi maddələr yerli kənd təsərrüfatında istifadə edilir, lakin onların zərərli təsirləri həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi təhlükə yaradır”.

 

Ə.Əlibəyli qeyd etdi ki, Fransa ilə bağlı olan bəzi Avropa şirkətləri Kamerun və Konqo hövzəsində meşələrin genişmiqyaslı qırılması ilə məşğuldur:

 

“Bu fəaliyyətlər yerli icmaların yaşayış tərzinə, heyvan, bitki növlərinin məhvinə və atmosferdə karbon qazının artmasına səbəb olur. Fransanın bəzi sənaye şirkətləri tullantıları ucuz qiymətə idarə etmək üçün Afrikadakı ölkələrə yönləndirir. Çirkli tullantılar arasında kimyəvi maddələr, plastik, hətta bəzən toksik komponentlər olur. Bu isə yerli su mənbələrinin və torpağın çirklənməsinə səbəb olur. Eyni zamanda, Fransanın balıqçılıq şirkətləri, Afrika sahillərində həddindən artıq balıq ovu ilə məşğul olur. Bu da yerli balıq populyasiyalarının azalmasına və sahil iqtisadiyyatlarının zərər görməsinə səbəb olur. Həmçinin 1960-70-ci illərdə Fransa Əlcəzairin Səhra bölgəsində nüvə sınaqları həyata keçirib. Bu sınaqlar nəticəsində radiasiya çirklənməsi baş verib, bu da həmin ərazilərdə yaşayan insanların sağlamlığına və ətraf mühitə uzunmüddətli təsir göstərib”.

 

Ekspert xatırlatdı ki, Fransa Qərbi Afrika ölkələrində hərbi bazalar və digər infrastruktur layihələri həyata keçirir:

 

“Bu layihələr yerli ekosistemləri dəyişdirir, ərazilərdə su və torpaq ehtiyatları azalır.Fransaya aid olan şirkətlər Afrikada palma yağı plantasiya təsərrüfatları qururlar, bu da böyük miqyasda meşələrin qırılmasına və ekosistemlərin məhvinə səbəb olur. Fransanın bəzi enerji şirkətləri Afrika ölkələrində kömürlə işləyən elektrik stansiyaları tikir. Bu isə atmosferə zərərli tullantıların yayılmasına, iqlim dəyişikliyinin sürətlənməsinə şərait yaradır”.

 

Günay

 

 

 


 

 

 

Seçilən
14
1
sfera.az

2Mənbələr