AZ

Polşa Rusiya sərhədinə TANKLAR YIĞIR

Cənubi Koreyanın “Hyundai Rotem” şirkətinin istehsalı olan ilk K2 tankları Rusiya Federasiyasının Kalininqrad vilayətindən bir neçə kilometr aralıda yerləşən Branievo şəhərində mövqelənmiş 9-cu Zirehli Süvari Briqadasına gəlib.

Yenicag.az yerli PAP agentliyinə istinadla xəbər verir ki, bu barədə 16-cı Pomeraniya mexanikləşdirilmiş diviziyasının mətbuat katibi, mayor Maqdalena Koşinska açıqlamasında bildirib.

Onun sözlərinə görə, cümə axşamı günü Cənubi Koreya tərəfinin nümayəndələri tankların qəbulu üçün lazım olan rəsmiləşdirmələri tamamlayacaqlar.

“Növbəti mərhələdə tankların Polşa ordusunda istifadə olunan sistemlərlə, o cümlədən rabitə vasitələri ilə təchiz edilməsi olacaq”, – Koşinska bildirib.

Qeyd edək ki, K2 Qara Panter tankları təkmil texnoloji həllər, o cümlədən aktiv mühafizə sistemi ilə tanınır. Onlar raket və tank əleyhinə hücumlara effektiv şəkildə müqavimət göstərirlər. Onlar həmçinin bataqlıq və ya qum kimi çətin ərazilərdə belə sürətli manevrlər etməyə imkan verən yüksək hərəkət qabiliyyətinə malikdirlər. Bundan başqa, tanklar müxtəlif döyüş şəraitində effektivliyə zəmanət verən dəqiq istiqamətləndirmə və atəş sistemləri ilə təchiz olunublar.

“Birinci partiyada 9-cu briqadaya 7 tank təqdim edilib”, – mayor bildirib.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Polşa və Cənubi Koreya arasında təxminən 3,4 milyard dollar dəyərində ilk 180 tankın alınması üçün icra müqaviləsi imzalanıb. Koreyadan tankların tədarükü artıq davam edir, lakin müqavilənin bu hissəsində Polşa sənayesinin iştirakı minimaldır.

Artıq çatdırılmış K2 tanklarında yalnız Polşa rabitə sistemləri quraşdırılıb. Cari ilin avqustunda mətbuatda Polşanın Cənubi Koreya ilə əməkdaşlıqda müasir K2 tankları istehsal etmək planlarının ciddi maneələrlə üzləşdiyi də bildirilirdi.

Seçilən
11
yenicag.az

1Mənbələr