AZ

Azərbaycanın da keçəcəyi yaşıl təhsilin faydaları nədir və nə vəd edir? - AÇIQLAMA

UNİCEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir. Həmçinin iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarda informasiya ala bilmirlər. Elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, COP29 tədbirlərdən sonra yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə iş daha da sürətlənəcək.

 

Bəs yaşıl təhsil nədir? Azərbaycan təhsili yaşıl təhsilə hazırdırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, yaşıl təhsil konsepti iqlim dəyişikliyi, ekosistemin qorunması, resursların düzgün istifadəsi və ətraf mühitin qorunması kimi qlobal problemlərə cavab olaraq ortaya çıxıb. 

 

Onun sözlərinə görə, bu təhsil modeli şagirdlərə və tələbələrə təbiətə ziyan vermədən yaşamağın yollarını öyrətməklə yanaşı, onları gələcəkdə daha yaşıl və davamlı cəmiyyətlər qurmağa yönləndirir. Yaşıl təhsilin əsas məqsədi ekoloji dəyərləri gənc nəsillərə aşılamaq və onları məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir.

 

Ekspert qeyd etdi ki, yaşıl təhsilin faydaları olduqca genişdir:

 

“Ekoloji maarifləndirmə, şagirdlərin təbiətlə daha yaxından təmasda olmasını təmin edir və bu da onların ətraf mühitə dəyər verməsinə səbəb olur. Yaşıl təhsil, həm də ətraf mühitə uyğun peşə sahələrinin inkişafını təşviq edir. Bu sahələrdə çalışan mütəxəssislər təbii resursların qorunması, bərpa olunan enerji istifadəsi, ekoloji araşdırmalar və davamlı infrastruktur kimi sahələrdə innovativ həllər hazırlayır. Belə ixtisaslar arasında bərpa olunan enerji mühəndisliyi, ekoloji mühəndislik, kənd təsərrüfatı texnologiyaları, ekoloji hüquq və ekoturizm qeyd edilə bilər.

 

Yaşıl təhsilin əmək bazarına verəcəyi töhfələr əhəmiyyətlidir. Artıq dünya bazarında yaşıl peşələrə olan tələb artır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumatlarına görə, yaşıl iqtisadiyyat dünya iqtisadiyyatının böyüməsində əsas rol oynayan sektorlar arasında ilk sıralardadır. 2030-cu ilə qədər yaşıl peşələrdə iş imkanlarının xeyli artacağı gözlənilir və bu sahələrdə daha yüksək maaş perspektivləri təmin olunur. Yəni yaşıl təhsilə yatırılan hər bir investisiya gələcəkdə yüksək məhsuldarlıq və iqtisadi mənfəət gətirəcək”.

 

K.Əsədovun sözlərinə görə, Azərbaycanın təhsil sektorunda ekoloji təlimə və yaşıl təhsilə dair müəyyən addımlar atılsa da, bu sahə hələ tam formalaşmayıb:

 

“Məsələn, təhsil proqramlarında ekoloji mövzuların daha dərindən işlənməsi və yaşıl ixtisasların inkişafı ilə bağlı dəstəklər azdır. Beynəlxalq təhsil sistemlərində, məsələn, Finlandiyada məktəblərdən tutmuş universitetlərə qədər yaşıl təhsil dəyərlərinə geniş yer verilir və bu da cəmiyyətin ətraf mühitə olan yanaşmasını dəyişdirir. Azərbaycanda isə bu sahədə irəliləyiş üçün təhsilin bütün səviyyələrində yaşıl düşüncə modelinin tədrisi genişləndirilməlidir. Təhsil mühitində ekoloji layihələr, təbiətə uyğun davranış vərdişləri öyrədilməli və şagirdlər bu cür fəaliyyətdə aktiv iştirak etməlidirlər.Yaşıl təhsil həmçinin tələbələrin ekoloji məsuliyyətlilik səviyyəsini artıraraq, onların fərdi inkişafına kömək edir. Bu, sosial fayda yaradır və cəmiyyətin davamlı inkişafına kömək edir. Tədqiqatlar göstərir ki, ekoloji maarifləndirmə görmüş tələbələr öz iş sahələrində daha məsuliyyətli davranır və təbii resurslardan daha səmərəli istifadə edirlər. Məsələn, bir çox ölkədə yaşıl təhsil alan tələbələr həmrəylik layihələrində iştirak edir, ətraf mühitin qorunması üçün kampaniyalar təşkil edir və yenilikçi təmiz texnologiyalarla işləyirlər”.


Ekspert vurğuladı ki, yaşıl təhsilin inkişafı üçün Azərbaycan təhsil sistemində dəyişikliklər tələb olunur:

 

“Statistikaya nəzər saldıqda, Avropa İttifaqının 2020-ci il məlumatlarına görə, yaşıl peşələrdə işləyən şəxslərin sayı əvvəlki illərə nisbətən 30% artıb. Eyni zamanda, ekoloji hüquq, iqlim mühəndisliyi və bərpa olunan enerji sahələrinə maraq xeyli yüksəlib. Azərbaycanda da yaşıl iqtisadiyyatın inkişafı üçün ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac var, lakin yaşıl təhsilə qoyulan investisiyalar bu potensialın reallaşdırılması üçün yetərli deyil.Ölkəmizdə tədris proqramlarında ekoloji elmlərə, iqlim dəyişikliyi və davamlı inkişafla bağlı dərslərə daha geniş yer verilməlidir. Təhsil müəssisələri ekoloji layihələrdə tələbələrin iştirakını təşviq etməli, təbiətə zərər vermədən yaşama və işləmə vərdişlərini öyrətməlidirlər. Bu sahədə beynəlxalq təcrübələrdən istifadə edərək, məktəb və universitet səviyyəsində ekoloji kursların artırılması və tələbələrin yaşıl peşələrə yönləndirilməsi böyük fayda verəcəkdir”.

 

Firuzə Əliyeva 

Seçilən
35
sfera.az

1Mənbələr