AZ

COP29 Azərbaycanın nailiyyətlərini dünyaya daha yaxından tanıdan platformadır

Bu günlərdə beynəlxalq ictimaiyyətin diqqəti yenidən Azərbaycana yönəlib. Noyabrın 11-dən Bakıda öz işinə başlayan və dünyanın ən mötəbər beynəlxalq tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. 

Respublikamız üçün yeni dividendlər 

Tərəflər Konfransının Bakı sessiyasının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizənin daha da gücləndirilməsinə, qlobal məkanda «yaşıl enerji»yə keçidin sürətləndirilməsinə xüsusi töhfələr verəcəyi şübhəsizdir. COP29-un ilk iş günündə tərəflərin karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəlmələri bunu təsdiq edir. Bundan başqa beynəlxalq maliyyə korporasiyaları və banklar iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizəyə öz maliyyə töhfələrini artıracaqları ilə bağlı açıqlamalar verirlər. Məsələn, Dünya Bankı bu istiqamətdə maliyyə töhfəsini 170 milyard ABŞ dollarına çatdıracağını bildirib. Eyni zamanda COP29 iştirakçı ölkələr arasında razılaşmaların əldə edilməsi, invesitiyaların cəlbi baxımından mühüm fürsətdir. Bu sırada Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları arasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması, Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizin COP29 çərçivəsində nail olduğu mühüm uğurlardır. Azərbaycan üçün COP29 bu cür uğurlarla yanaşı, həm də yeni siyasi dividendlər deməkdir. Belə ki, bu tədbir Azərbaycanın qazandığı nailiyyətlərin, torpaqlarımızın işğaldan azad edilməsinin, Ermənistanın ölkəmizə qarşı həyata keçirmiş olduğu işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə bir daha çatdırılması müstəvisində böyük imkandır. Bu mənada cənab Prezident İlham Əliyevin 80 prezident, vitse-prezident və baş nazirin iştirakı ilə keçirilən COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı Azərbaycanın həqiqətlərinin, dövlətimizin uğurlarının dünyaya çatdırılması baxımından mühüm və həm də tarixi əhəmiyyət kəsb etdi. 

Azərbaycan iqlim dəyişmələri ilə qlobal mübarizəyə böyük töhfələr verəcək 

Qeyd edək ki, ötən il COP29-un Azərbaycanda keçirilməsi barədə qərar respublikamıza olan böyük qlobal etimad və ehtiramın növbəti göstəricisi oldu. Çıxışında bu barədə söz açan Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı həm də ölkəmizin beynəlxalq arenada oynadığı fəal rolun dəyərləndirilməsi kimi xarakterizə etdi: «Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük». 

Prezident İlham Əliyev çıxışında Azərbaycanın BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, iki ildən bir Bakıda Mədəniyyətlərarası Forumun keçirilməsi kimi məsələlərə toxundu, həmçinin respublikamızın təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu, Avropa İttifaqının 10 dövləti ilə strateji tərəfdaşlığa dair sazişlər bağladığını, mədəniyyətlərarası dialoqda fəal rol oynadığını diqqətə çatdırdı. Bütün bunlar Azərbaycanın qlobal aktuallıq kəsb edən məsələlərin müzakirəsində fəal iştirak edən dövlət olduğunu təsdiq edən faktorlardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə nümunəvi fəaliyyət ortaya qoyacağı isə dəqiqdir. Çünki respublikamızda indiyədək görülmüş və görülməkdə olan işlərin fonunda bu fəaliyyətin konturları aydın görünməkdədir. Birləşmiş Əmək Əmirliklərinin Masdar şirkəti tərəfindən inşa olunan 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasının ötən il istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən Xızıda 240 meqavat gücündə Külək Elektrik Stansiyasının tikintisinin hazırda davam etdirilməsi, əvvəldə qeyd etdiyim kimi COP29 çərçivəsində Cəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyasının təməlinin qoyulması göstərir ki, Azərbaycan «yaşıl enerji»yə sürətli keçid etməklə, həm də iqlim dəyişmələri ilə mübarizədə nümunələr yaradır. 

Ölkəmiz Avropaya «yaşıl enerji» də ixrac edəcək 

Respublikamızda bu sahədə görülən işlər Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ondan xəbər verir ki, Avropa İttifaqı ənənəvi enerjidə olduğu kimi «yaşıl enerji»də də Azərbaycanla əməkdaşlığa güvənir. Hazırda bu sazişdən irəli gələrək Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi üzərində iş davam edir. Bu layihənin başa çatdırılması ilə Azərbaycan Avropaya neft və qazla yanaşı, həm də «yaşıl enerji» ixrac edəcək. 

Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında 4 il öncə torpaqlarımızın işğaldan azad edildiyini, BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizin tam bərpa olunduğunu, Ermənistanın işğalına son qoyulduğunu dövlət və hökumət başçılarının, dünyanın 172 ölkəsindən gəlmiş nümayəndə heyətlərinin diqqətinə çatdırdı. 

Beləliklə, bu mötəbər tribunadan həm də Azərbaycanın Zəfəri, torpaqlarımızın işğaldan azad edildiyi dünyaya bəyan olundu. 

Xanlar FətiyevMilli Məclisin deputatı    

Seçilən
3
1
missiya.az

2Mənbələr