Azərbaycan “yaşıl enerji” sahəsində liderə çevrilməyi qarşısına məqsəd qoyub.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.
“Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq və bərpa olunan enerji potensialını inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atmağı planlaşdırır. Biz, 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq və enerji sistemimizi şaxələndirərək “yaşıl enerji” sahəsində lider olmağı hədəfləyirik”, - deyə o vurğulayıb.
M. Cabbarov, ötən gün Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzaladıqlarını xatırladıb: “Bu, təkcə bərpa olunan və ümumi enerji sistemlərimizi birləşdirməyəcək, həm də Orta Dəhliz anlayışının Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpa olunan enerjinin Azərbaycana potensial ixracını da əhatə edərək genişlənməsini təmin edəcək. Eyni zamanda, Azərbaycan Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanla birgə Qara dəniz vasitəsilə bərpa olunan “yaşıl enerji”ni Avropa bazarlarına çatdıracaq oxşar bir layihəni həyata keçirir. Biz bu sahədə yalnız çalışmırıq, fəaliyyətlərimizi əlaqələndirməyə səy göstəririk”.