AZ

Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi- İranda rəsmilər bu barədə susur...

Image

Sədrəddin Soltan: "Bu, Tehran hakimiyyəti, Yelisey sarayı və İrəvan arasında elan edilməyən həmrəylik, həmkarlıqdır"

Əvvəl İran prezidenti demişdi ki, COP29-da iştirak edəcək, amma sonradan fikrini dəyişdi. İran, prezident səviyyəsində olmasa da, vitse-prezident və ekologiya naziri səviyyəsində Bakıda keçirilən COP29-da iştirak edir.

Məsud Pezeşkian nədən COP29-da iştirak üçün Azərbaycana səfərini son anda təxirə saldı? Bu doğrudan da İsraili boykot, yoxsa Ermənistana dəstək idi?

Sualımıza cavabında siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, bu, İran hakimiyyətinin "köhnə xəstəliyi"dir: "Bəhanə edirlər ki, "İsrail olan yerə mən getmirəm", "Amerika olan yerə mən getmirəm" və s. Məsələn, olimpiadalar keçirilir, orada iştirakdən imtina edir, iranlı idmançı israilli idmançının üzdüyü hovuzda üzməkdən imtina edir və s. Kimi cəfəng addımları İran hakimiyyəti həmişə atir.

Yayılan xəbərlərə görə, bu dəfə də İran prezidenti Məsud Pezeşkian İsrail prezidenti İsaaq Herzoqla COP29-da bir arada olaq istəmədiyinə görə Bakıya gəlməkdən imtina edib. Fikrimizcə, bu da əsas vermir ki, İranın hökumət başçısı Bakıya gəlməsin. Çünki o, Bakıya gələcəyini əvvəlcədən bildirmişdi və Pezeşkian rəsmi dəvət olunanlardandır.  Belə bir fikir əvvəlcədən olsaydı, dəvəti qəbul edərkən şərt qoyardı ki, İsrail rəsmiləri tədbirə gəlsə, mən o konfransda iştirak etməyəcəm. Amma prezident dəvəti qəbul edəndə belə bir şərt qoymayıb. Belə bir şərt qoyulmayıbsa, Tehran hakimiyyəti İsrail məsələsini bəhanə edir, bundan sui-istifadə edir. İran bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Məsələn, İran İslam Respublikasının dünyanın müxtəlif ölkələrində səfirlikləri fəaliyyət göstərir, həmin ölkələrdə İsrailin də səfirlikləri var. Hər iki səfirlər fəaliyyət göstərdiyi ölkələrdə eyni tədbirlərdə iştirak edirlər. Elə isə İran hakimiyyəti buna niyə imkan verir? Bu məntiqlə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırmalıdır ki, burada İsrail səfirliyi də fəaliyyət göstərir. Bu məntiqlə belə çixir ki, İran İsrail olan dünyada yaşamamaq üçün İsraili məhv etmək hədəfini götürüb. Bu çox ağılsız, gülünc və məntiqsiz siyasətdir.

Onu da qeyd edək ki, İran prezidenti Bakıya gəlməsə də, onun ekologiya üzrə naziri və vitse-prezidenti Şina xanım Ənsari Bakıdadır, elə isə onlar nədən iştirak edirlər? Əgər İran prezidenti iştirak etmirsə, hec kim gəlməməlidir və elan edilməlidir ki, İsrailin bu tədbirdə iştirakına etiraz olaraq biz COP29-da iştirakdan imtina edirik. İranın prezdentinin iştirakdan imtina etməsi, lakin vitse-prezidentin iştirakı mənə bir məsələni xatırlatdı. Sovetlər dönəmində hərbi xidmət keçən müsəlman qövmlərindən olan əsgərlər donuz ətindən hazırlanmış sörbaları yeyəndə dönuz ətini kənara qoyub, şorbanı yeyərdilər. İranın bu addımı müsəlman əsgərlərin donuz ətindən bu cür "imtina etməsi"nə bənzəyir.

Bu, Tehran hakimiyyəti, Yelisey sarayı və İrəvan arasında elan edilməyən həmrəylik, həmkarlıqdır. Lap elə 44 günlük müharibə zamanı da Tehran özünü müxtəlif bəyanatlarla gizlətməyə çalışırdı. Bu dəfə də İran vitse-prezident Şina Ənsari ilə özünü gizlətməyə çalışıb".

Qeyd edək ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər.

BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.

Dəniz NƏSİRLİ





Seçilən
18
baki-xeber.com

1Mənbələr