İngilis futbol hakimi Devid Kut İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) tərəfindən hakimlikdən kənarlaşdırılıb.
Arena.az bu barədə İngiltərə Peşəkar Hakimlər Şurasının mətbuat xidmətinə istinadən məlumat verir.
PGMOL Kutun məlum qalmaqal səbəbindən hakimlikdən dərhal kənarlaşdırılması haqda qərar qəbul edib.
Vurğulayaq ki, hakim barəsində təftiş davam edir:
“PGMOL yoxlama başa çatana qədər əlavə şərh verməyəcək”, – İngiltərə Peşəkar Hakimlər Şurasının bəyanatında deyilir.
Xatırladaq ki, Kut bir həmsöhbəti ilə videoəlaqə zamanı söhbətində, “Liverpul”un keçmiş baş məşqçisi, alman mütəxəssi Yurgen Klopp haqda xoşagəlməz ifadələr işlətmiş və bu ifadlərin yer aldığı videonun sosial şəbəkələrə düşməməsinin vacibliyini vurğulamışdı. Amma video mətbuata sızmış və böyük qalmaqal yaşanmışdı. Kut, Klopu “axmağın dal ayağı” adlandırmış, “Liverpul”un isə “nəcis kimi” oynadığını bildirmişdi.
Bu arada, yağışdan çıxmış Devid Kut yağmura düşüb.
“The Sun” nəşri öz rəsmi saytında, Devid Kutun ağ toz iylədiyi görüntülərin əks edildiyi videonu nümayiş etdirib. Bu, narkotik maddələrin tənəffüs yolu ilə qəbuluna bənzər bir görüntü olsa da, ağ tozun nə olduğunu müəyyənləşdirməyə imkan vermir.
Bildirilir ki, bu göründülərin əks edildiyi hadisə, cari ilin yayında Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının 1/4 final mərhələsinin İspaniya – Almaniya (əlavə vaxtda 2:1) oyunundan sonra baş verib.