AZ

"COP29-a yanaşmada boykotçu mövqe tutanlar da qınanmalıdır..." — QHT sədri

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda qlobal səfir Nigel Toping bildirib ki, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və bu məqsədlə maliyyənin artırılması məqsədilə resursların səfərbər edilməsi üçün hökumət və qeyri-hökumət təşkilatları bir araya gəlməlidir. Onun sözlərinə görə, Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. İnsanlar iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkirlər", - deyə o qeyd edib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, dünya qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizəyə səfərbər olub və COP toplantıları da bunun üçün keçirilir. E.Cəfərli nəzərə çatdırıb ki, bəziləri yaranmış iqlim böhranına etina etmir, lakin vəziyyət həqiqətən ciddidir, çünki qlobal istiləşmə artır:

“2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub. Dünyanın 15 ölkəsində maksimal hava temperaturu qeydə alınıb. İlin əvvəlindən dünyanın 15 ölkəsində temperatur maksimumları qeydə alınıb, eləcə də müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. Beynəlxalq təşkilatların hesabatında qeyd edilib ki, bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə, Malidə isə 48,5 dərəcəyə çatıb.

2015-ci ildə tərəfdaş dövlətlər Paris razılaşmasını imzalayıblar. O anlaşmaya uyğun olaraq Azərbaycan 2050-ci ilə qədər istixana emissiyasını 40 faizə qədər azaltmalıdır. Ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Son illər ölkəboyu yaşıllıqlar, meşələr salınıb, neftlə çirklənmiş torpaqlar təmizlənib, yerində istirahət parkları yaradılıb. Ölkəmizin 3 regionu yaşıl zona elan edilib. Sözügedən bölgələrdə, habelə Xəzərin Azərbaycan sektorunda günəş və külək enerjisi potensilaı araşdıırlıb. Yaşıl enerjiyə keçidlə bağlı iri layihələr icra olunub. Bakının nəqliyyat sektoru yaşıl texnologiyalar əsasında yenidən qurulur. Bütün bunlar dövlətin atdığı addımlardır”. 

Ekspertin sözlərinə görə, əslində, karbon emissiyasının azaldılması, bərpa olunan enerjiyə keçid iri layihələrdir və icrası ayrı-ayrı fərdlərin, sahibkarların, fermerlərin imkanını aşan məsələdir:

“Bu iri investisiya layihələrini rəsmi qurumlar, dövlət şirkətləri, iri kampaniyalar həyata keçirmək gücündədir. Lakin yeni mərhələdə vətəndaş cəmiyyətinin də üzərində böyük məsuliyyət düşür. Yeri gəlmişkən, COP29-da zəif inkişaf etmiş dövlətlərin iqlim dəyişikliyinə adaptasiyasına dəstək məqsədilə yaşıl fondun yaradılması yaxşı olardı. Bu böyük layihədir və iri dövlətlərin, böyük şirkətlərin dəstəyinə ehtiyac var.

Qeyri-hökumət təşkilatlarının işi təbii ki, maarifləndirmədir, təşviqatdır. Müəyyən qrupların, deyək ki, məktəblilərin, gənclərin, lap elə orta və yaşlı nəslin maarifləndirilməsi aparılmalıdır. Lakin hesab edirəm ki, daha çox kənd təsərrüfatında iqlim dəyişikliyinə adaptasiya istiqamətində təşviqat tədbirlərinə ehtiyac var. Xırda və orta shaiblar arasında maarifləndirmə zəruridir. Qlobal istiləşmə dövrünü yaşayırıq. Buzlaqlar əriyir, şirin su ehtiyatları azalır, çaylarda su quruyur. Lakin bizim fermerlər hələ də 5 min il əvvəl Misirdə tərbiq olunan selləmə suvarma üsulundan istifadə edir. Fermerlərə yeni suvarma metodları aşılanmalı, onlar yeni texnologiyaların tətbiqinə stimullaşdırılmalıdır. Ayrı-ayrı fondlar, banklar bu istiqamətdə layihələr icra etməli, fermerlərə dəstək  verməlidir. COP29-da yanaşmada boykotçu mövqe tutanlar da qınanmalıdır.

Çünki qlobal iqlim dəyişikliyi ilə mübarizə bir dövlətin, bir şirkətin işi deyil. Hamılıqla bu işə dəstək verilməli, bu yöndə təşəbbüslər dəstəklənməlidir”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
49
demokrat.az

1Mənbələr