AZ

Qırğızıstanın ekologiya naziri: "İqlim maliyyələşdirilməsinə çıxış sadələşdirilməlidir" - EKSKLÜZİV

“Yaşıl” iqtisadiyyata ədalətli keçid üçün iqlim maliyyələşdirilməsinə çıxış prosedurları sadələşdirilməlidir.

Bunu “Report”a müsahibəsində Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev deyib.

“Bu gün biz “yaşıl” texnologiyalara keçidə başlamışıq. Amma inkişaf etməkdə olan ölkələr hazırkı maliyyələşdirmə səviyyələrinin iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət etmədiyini iddia edir və daha çoxunu tələb edirlər. Eyni zamanda, inkişaf etmiş ölkələr heç də həmişə bu mövqe ilə razılaşmırlar. Əvvəllər illik məbləğlər təqribən 100 milyard ABŞ dolları idisə, bu platformada liderlər maliyyələşmənin 1-5 trilyon ABŞ dollarına qədər ciddi artımın zəruriliyini dilə gətiriblər”, - o bildirib.

M.Maşiyev iqlim maliyyələsinin ədalətli bölüşdürülməsi problemini də qeyd edib, çünki vəsaitlərə çıxış getdikcə çətinləşir. “Ədalətli keçid üçün bütün ölkələr “yaşıl” iqtisadiyyatları və texnologiyaları kompleks şəkildə tətbiq etməlidirlər, lakin mövcud prosedurlar yalnız maliyyələşməyə çıxışı çətinləşdirir”, - nazir əlavə edib.

Onun sözlərinə görə, COP29-da Qırğızıstan dağ regionları ilə bağlı təşəbbüs təqdim edib, konfransın sonuna bir gün qalmış isə bütün ölkələrin iştirakı ilə dağ ekosistemlərinin müzakirəsinə həsr olunmuş plenar sessiya keçiriləcək. M.Maşiyev qeyd edib ki, Mərkəzi Asiya əsasən dağlıq regionlardan ibarətdir, Qırğızıstan və Tacikistan ərazisinin 90 %-i dağlardır, Qazaxıstan və Özbəkistan kimi ölkələrin su ehtiyatları isə dağlıq regionların buzlaqlarından asılıdır.

“Dağ ekosistemi çox kövrəkdir və iqlim dəyişikliyinə xüsusilə həssasdır. Son 50-70 ildə Qırğızıstanda 1 200 kvadrat kilometr ərazini – yəni ümumi ərazinin 16 %-ni əhatə edən buzlaqlar yox olub. Bu temp davam edərsə, əsrin sonuna qədər buzlaqların böyük bir hissəsi yox olacaq və bu, onmilyonlarla insan üçün su qıtlığına səbəb olacaq. İqlim dəyişikliyi artıq mücərrəd təhlükə deyil, reallıqdır və bunu demək olar bütün ölkələr hiss edir”, - nazir vurğulayıb.

Seçilən
14
far.az

1Mənbələr