AZ

COP for Hope: Qırğızıstan enerji mübadiləsini yaxşılaşdırmaq üçün Xəzər dənizi ilə kabel çəkilişi layihəsinə maraq göstərir - Nazir

Bakı. TurkicWorld:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bu barədə TurkicWorld Trend-ə istinadən xəbər verir.

Budəfəki müsahibimiz: Qırğızıstanın energetika naziri Taalaybek İbrayevdir.

COP29 çərçivəsində nazir Trend-ə bildirib ki, Qırğızıstan enerji mübadiləsini yaxşılaşdırmaq üçün Xəzər dənizi ilə kabel xəttinin çəkilməsi layihəsinə maraq göstərir.

Qırğızıstanın energetika naziri Mərkəzi Asiya çərçivəsində enerji əməkdaşlığının vacibliyini vurğulayaraq qeyd edib ki, üç ölkə - Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizi ilə kabel xəttinin çəkilməsi layihəsini fəal şəkildə əlaqələndirirlər. Qazaxıstan və Özbəkistanın enerji sistemləri ilə möhkəm əlaqələri olan Qırğızıstan bu layihəni perspektivli hesab edir, çünki bu, enerji mübadiləsini yaxşılaşdıracaq və regionda enerji təchizatı problemlərini həll edəcək.

"Mərkəzi Asiya bu gün enerji halqası çərçivəsində fəaliyyət göstərir və bizim üçün, Qırğızıstan, bu, son dərəcə vacibdir, çünki biz Qazaxıstan və Özbəkistan enerji sistemləri ilə əlaqələr qurmuşuq. Biz elektrik enerjisini ixrac və idxal edirik ki, bu da bu layihəni bizim üçün çox perspektivli edir", - o deyib.

O qeyd edib ki, Qırğızıstan da hidroenergetika sahəsində layihələri fəal şəkildə inkişaf etdirir. O cümlədən, nazirlik təkcə Qırğızıstanın deyil, həm də onun qonşuları olan Qazaxıstan və Özbəkistanın su-energetika problemlərini həll edəcək 1860 meqavat gücündə Kambarata SES-1-in tikintisi üzrə iri layihə üzərində işləyir. Bu layihə artıq Dünya Bankı tərəfindən dəstəklənir və onun həyata keçirilməsi üçün podratçının seçiminə gələn ildən başlanacaq.

"Biz bu il bu layihələrdən birinin həyata keçirilməsinə başlamağı planlaşdırırıq və 2025-ci ilin sonuna qədər ilk günəş stansiyaları işə salınacaq. Bu, təkcə İssık-Kul bölgəsində deyil, digər bölgələrdə, o cümlədən ölkənin cənubunda və şimalında da var", - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
13
2
turkic.world

3Mənbələr