AZ

Azərbaycanın COP29 üçün hədəfi belə idi – Seyidov açıqladı

COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu tədbirin ətrafında nə qədər qarayaxma kampaniyaları aparılsa da, prosesi pozmaq mümkün olmadı. Çünki COP29 miqyasına, təsir imkanlarına görə, dünyada böyük əks səda yaratdı. Faktiki olaraq Azərbaycan dünyaya məhz bu tədbir kontekstində növbəti dəfə başqa bir tərzdə, rakursda, güc sahibi olan ölkə kimi təqdim edildi.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Müasir dünyada bir çox ölkələrin səsi eşidilmir, onların mövqeyi nəzərə alınmır. Demək olar ki, 200-ə yaxın ölkəyə belə bir yanaşma var. Hətta onlara qarşı müstəmləkə siyasəti səviyyəsində mövqe sərgilənir”, - deyə komitə sədri söyləyib.

Seyidov hesab edir ki, indiki halda Azərbaycanın səsi eşidilir və mövqeyi dinlənilir: “Bu çox çətin və bir çox ölkəyə nəsib olan anlayış deyil. Ona görə də Azərbaycan hazırkı dünya üçün unikal bir nümunədir. Azərbaycan isə öz nümunəsini dünya ilə bölüşür. Bu mənada ölkəmiz önə çıxa bilməyən ölkələrin ağrılarını da bölüşür”.

Səməd Seyidov əlavə edib ki, Azərbaycan qısa zamanda yüksək nəticələr əldə edə bildi: “Bu, tamam başqa amillərlə bağlıdır. Çünki digər ölkələr məhz bu məqamlarda kimlərdənsə kömək istəyir. Düşünürlər ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar onlara köməklik edəcək. Bu düzgün bir məsələ olsa da, Azərbaycan öz yolu ilə inkişaf edərək başqa bir həqiqəti sübut etdi. Bu da heç kəsdən yardım almamaq, ümid gözləməməklə bağlıdır. Azərbaycan elə bir siyasət apardı ki, bütün dünyanın diqqət və marağı onda oldu. Reallıq məhz budur”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
15
50
teleqraf.com

10Mənbələr