AZ

"Azərbaycanın sabit və dayanıqlı inkişafı dəzi dairələrin narahatlığına səbəb olur" - QHT sədri

QHT.az-a açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycanın iqtisadi uğurlarının bəzi hegemon dövlətlərin narahatlığına səbəb olduğunu vurğulayıb. O bildirib ki, ölkənin düzgün iqtisadi siyasəti, iqtisadi resursları və aparılan islahatlar sayəsində Azərbaycanın iqtisadi imkanları davamlı olaraq güclənir.

İqtisadi sabitlik müstəqilliyin təməlidir
Ekspert qeyd edib ki, Azərbaycanın iqtisadi dayanıqlığı və sabit inkişafı ölkənin siyasi və iqtisadi müstəqilliyini təmin edən əsas vasitələrdəndir:

“Güclü və sabit iqtisadiyyata malik olan ölkə müstəqil siyasət həyata keçirmək imkanı əldə edir. Bu, dünyada hegemonluq və ikili standartlara öyrəşmiş dairələrin xoşuna gəlmir. Azərbaycanın iqtisadi potensialı imkan verir ki, ölkəmiz onlara tabe olmasın”.

Eyyub Kərimli əlavə edib ki, Azərbaycanın Avropa ölkələrinə qaz ixrac etməsi və gələcəkdə alternativ və yaşıl enerji sahəsində əldə edəcəyi böyük imkanlar regionda və Avropada ölkəmizin nüfuzunu daha da artıracaq.

“Bu gün Azərbaycan Avropanın 10-a yaxın ölkəsinə qaz satır. Bu qazı biz onlara təklif etməmişik, əksinə, özləri müraciət ediblər. Gələcəkdə isə ölkəmiz yaşıl enerji sahəsində də böyük potensial əldə edərək, Avropanı bu enerji ilə təmin edəcək”.

İşğaldan azad olunmuş ərazilər iqtisadi gücümüzü artırır
Eyyub Kərimli vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu prosesə 18 milyard manat sərmayə ayrılıb ki, bu da yaxın gələcəkdə ölkənin iqtisadi gücünü daha da artıracaq:

“İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri iqtisadiyyatımıza yeni perspektivlər qatır və bu bölgələrdəki inkişaf Azərbaycanın gücünə güc qatacaq”.

Ekspert yekunda qeyd edib ki, düzgün aparılmış iqtisadi siyasət və mövcud resursların effektiv istifadəsi Azərbaycanın iqtisadi mövqelərini daha da gücləndirəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
6
qht.az

1Mənbələr