AZ

Müstəqil dövlətin yeni Konstitusiyası ŞƏRH

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisidir. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəddir.Ulu Öndər Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, milli ideologiyamız dövlətimizin Konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Qeyd edək ki, elə bunun nəticəsidir ki, Ulu Öndərin yaratdığı azərbaycançılıq məfkurəsi ölkəmizin Əsas Qanununda öz əksini tapıb. Ulu Öndər ilk növbədə ölkəmizin ali qanununun tələblərinə dönmədən əməl edilməsini xüsusilə vurğulayırdı, konstitusiya normalarını hər bir vətəndaşın əsas vəzifəsi olduğunu qeyd edirdi.1996-cı ildə Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyələndirən əsas cəhətlərdir”.Azərbaycançılıq ideologiyasının təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi kimi tələblər dayanır. Əsas Qanunun normaları ölkəmizin milli maraqlarına söykənərək xalqımızın ümumi mənafelərinin ifadəsinə çevrilib. Qeyd olunanlardan da göründüyü kimi, Əsas Qanunumuzun mərkəzində hər şeydən əvvəl dövlətçilik maraqları – güclü, qüdrətli Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Ulu Öndər gənclərimizi cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, savadlı, bacarıqlı insanlar kimi görürdü və deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın, gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda bəşəri dəyərləri mənimsəməlidir”. Ana dili hər bir xalqın mənəvi sərvətidir. Bu mənəvi sərvətin inkişafında, qorunmasında, onun dünya dilləri içərsində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit olunub.

Ölkəmizin çətin və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Ulu Öndərin yaratdığı mükəmməl dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiyamız müstəqil Azərbaycan Respublikasının bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkəmizin hərtərəfili inkişafina və tərəqqisinə xidmət edir. Təməli Ulu Öndər tərəfindən qoyulan dövlət siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev irsinə qiymət verərək deyibdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Cünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları- azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalıqına yol göstərir”.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Seçilən
20
1
sesqazeti.az

2Mənbələr