AZ

Neft və qaz ölkəsi Kanada Azərbaycanı nədə ittiham edir? – Reallığa qərəzsiz və açıq gözlə baxmaq

“Azərbaycanı “petrostate” adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə Prezident İlham Əliyev tutarlı cavab versə də yenə bir sıra xarici mətbu orqanlar özfəaliyyətlərini davam etdirirlər. Əvvəla, Azərbaycan uzun müddət Avropa İttifaqının və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhfə hələ də davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi yanacaq ixracatını artıran da məhz Azərbaycan idi. İkincisi, ölkəmizi “petrostate” adlandıran mətbu orqanlarının nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur”.

Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir: “Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə, yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı “petrostate” adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür. Mavi yanacaq hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard kubmetr olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard kubmetr) 5.5 dəfə, ABŞ (1.029 trilyon kubmetr) 30 dəfə, Norveç (124 milyard kubmetr) 3.7 dəfə çox qaz hasil edir”.

Millət vəkili yaşıl iqtisadiyyatın formalaşmasına da diqqət çəkib. Vurğulayıb ki, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur: “2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azladılacaq. Yer gəlmişkən, qlobal karbon emssiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-də 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir. Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır”.

Alpər TURAN

Seçilən
6
3
medianews.az

7Mənbələr