AZ

Soyuq ada, vərəmli əsirlər və dənizə atılan ölülər – Norveçdəki  Bulerne əsir düşərgəsi haqqında bilmədiklərimiz

Auschvitz, Buchenvald, Dachau – bu alman əsir düşərgələrinin adları bütün dünyada məhşurdur.

KONKRET.az bu ölüm düşərgələrində minlərlə insanın məhv olmasına baxmayaraq, haqqında çox az məlumat verilən başqa konslager barədə məlumat verəcək. Həmin düşərgə  Norveçin Notterey adasında inşa edilmiş və  İkinci Dünya Müharibəsinin faciəli səhifələrindən hesab olunur.

Norveç Almaniyanın  işğalı altında olduğundan yüz minlərlə əsir, o cümlədən sovet məhbusları məcburi əmək üçün bura göndərilib. Ümumilikdə nasistlər yüz minə yaxın insanı gözdən-könüldən uzaq soyuq adada saxlayıblar. Onlardan 15 minə yaxını işgəncədən, aclıqdan və soyuqdan ölüb.

Bulerne düşərgəsi 1943-cü ildə  fəaliyyətə başlayıb. Əvvəlcə üç yüzə yaxın insan müdafiə tikililərinin inşasında işləmək üçün buraya gətirilmişdi.  Bir il sonra vəziyyət kəskin pisləşdi və düşərgədə vərəm epidemiyası yayıldı.Sağlam insanlar başqa düşərgələrə aparıldı və Bulerndə yalnız xəstə əsirlər saxlanıldı. Düşərgədə vəziyyət gündən-günə pisləşirdi. Xəstələrə  tibbi yardım göstərilmirdi, hətta almanlar onları yaxına belə buraxmırdılar. Vərəmdən əziyyət çəkən əsirlər  ikiqat tikanlı məftillərlə hasara alınmış düşərgədə öz ölümlərini gözləyirdilər. Ölənləri basdırmaq üçün şərait olmadığından cəsədləri kağız torbalara büküb dənizə atırdılar. Qış vaxtı ölənlər isə qarın altında basdırılır, yaz gələn kimi cəsədlər dənizə atılırdı. 1945-ci ildə əsirlər azad edildikdən sonra vərəmin yayılmasının qarşısını almaq üçün bütün düşərgənin yandırılması qərara alındı. Yalnız ölüm düşərgəsinə aparan qapıların yerləşdiyi məkanlar, eləcə də gözətçixana bərpa edildi.

Son illərdə arxeoloqlar keçmiş düşərgənin yerində qazıntı aparır, ölən insanların adlarını dəqiqləşdirmək üçün məhbusların taxdıqları it etiketlərini axtarırlar. Müharibədən sonrakı illərdə şəxsiyyəti müəyyən edilmiş hərbi qulluqçuların cəsədləri Tiettadakı 7500-dən çox insanın dəfn edildiyi “Rus qəbiristanlığında” yenidən torpağa tapşırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr