İranın Futbol Federasiyası Təbrizin Traktor Azərbaycan klubu və Tehranın İstiqlal klubuna cərimə, komandaların azarkeşlərinə isə məhrumiyyət cəzası verib.
Oktyabrın 31-də Tehranın Qüds Şəhəri Şəhidləri Stadionunda keçirilən Traktor-İstiqlal oyununda Traktor 2-0 hesabı ilə qalib gəlib.
Dövlət agentliyi İRNA məhrumiyyət və cərimə cəzasının həmin matç zamanı tərəfdarlar və oyunçular arasında baş verən münaqişələr və səsləndirilən şüarlar ilə əlaqədar olduğunu bildirib.
Ancaq İranın Khabar Online agentliyi Traktor tərəfdarlarının məhrumiyyət cəzasının Tehranda Tehran komandasına qarşı səsləndirdikləri “İstiqlal, bizim şəhərə xoş gəldin” şüarı ilə əlaqədar ola biləcəyini yazıb.
“Traktorçuların dediyinə görə, məhrumiyyətin səbəbi İstiqlal tərəfdarları ilə münaqişə deyil. İstiqlal klubu bir şüarın verilməsindən narahat olduğu üçün şikayət edib. Traktor tərəfdarları bu matç zamanı ‘İstiqlal, bizim şəhərə xoş gəldin’ şüarını səsləndiriblər və bu, İstiqlalçıları narahat edib və Traktor üçün məhrumiyyət cəzası gətirib,” Khabar Online saytında qeyd edilib.
Tehranın böyük türk əhalisi olduğuna görə Traktor Azərbaycan komandasını Tehranda dəstəkləyən azarkeşlərin sayı bəzən Tehran komandalarının azarkeşlərindən belə daha artıq ola bilir.
Dövlət agentiyinə istinadən, hər iki komandanın azarkeşləri bir oyun stadiona getməkdən məhrum edilib. Məhrumiyyət cəzası 6 ay sınaq müddəti olmaqla şərti hesab edilib. Həmçinin “azarkeşlərin davranışı” üzündən hər iki klub 250 milyon tümən cərimələnib.
Traktor klubu sözügedən oyunda “ev sahibliyi məsuliyyəti daşımadığı üçün” verilən qərara etiraz bildirib. İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Traktor Azərbaycan futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.
visiontv.az