COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov portalın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyətini vurğulayıb. Bu təşəbbüs vasitəsilə iqtisadiyyatda yaşıl keçid strategiyalarının fundamental tədqiqatlara əsaslanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Yaşıl artım portalı” qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və ondan faydalanmağa kömək edəcək.
İqtisadiyyat naziri iqlim məsələlərinin iqtisadi planlaşdırmada əhəmiyyətindən danışaraq qeyd edib ki, iqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var və bu məsələ COP prezidentliyinin büdcələri və əhatə dairəsi ilə irəli sürülən təşəbbüslərdə öz əksini tapıb.
SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov şirkətin “xalis sıfır” hədəfi götürdüyünü vurğulayıb. Bu məqsədlə karbonsuzlaşma, enerji keçidi və aşağı karbon həllərinin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib. Yeni portalın SOCAR-ın enerji transformasiyasına da töhfə verəcəyi qeyd olunub.
Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanın tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə karbon emissiyalarının azaldılmasının, bərpaolunan enerjinin təşviqinin mühüm rolu vurğulanıb. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub.
“Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Timoti Çeston “Yaşıl artım portalı” barədə iştirakçılara məlumat verib. Onlayn portalın Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiyası nəzərdə tutulub. Burada beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər və müqayisəli məlumat bazaları öz əksini tapacaq.
Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.
Dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.