AZ

Ermənistanda anti-dövlət ritorikası ARTIR: Çarəsiz baş nazirin ACI ETİRAFI

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlamentdə dövlət büdcəsi layihəsinin müzakirələri başa çatdıqdan sonra yekun çıxış edib. O, ölkə vətəndaşlarının kollektiv sosial düşüncəsinin əksər hallarda dövlətə qarşı olduğunu bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistanda kollektiv sosial təfəkkür, daha doğrusu, ictimai şüuraltı mahiyyətcə anti-dövlət xarakterlidir və bu, bütün hamıya təsir edir. N.Paşinyan vurğulayıb ki, milli kimliyin qorunub saxlanmasının təminatçısı yalnız dövlətdir və bu həqiqətə baxmayaraq, erməni cəmiyyəti tərəfindən həmişə tam olaraq dərk olunmayıb.

Maraqlıdır, Ermənistanda vətəndaşların kollektiv sosial düşüncəsinin dövlətə qarşı olmasına səbəb nədir? Nə üçün ermənilər öz dövlətlərindən və hakimiyyətdən narazıdırlar?

Mövzu ilə bağlı Medianews.az-a danışan Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Ermənistanın baş naziri N.Paşinyanın parlamentdə dövlət büdcəsi layihəsinin müzakirələri zamanı və ondan sonrakı çıxışına baxdığını bildirib.

Alimin qənaətincə, N.Paşinyanın erməni sosial düşüncəsinin dövlətə qarşı olduğunu deməsi onunla əlaqədardır ki, ermənilərin heç vaxt dövləti olmayıb: “Erməni baş nazir məhz bunu nəzərdə tutur. Dediyimiz bu dövlət anlayışı Ermənistanda heç vaxt milli düşüncəyə çevrilməyib. Bu səbəbdən dövlətin atdığı hər addımı təftiş etmə gözü ilə baxılıb. İstər-istəməz bu anti-dövlət ritorikasının üstün gəlməsinə səbəb olub. Hazırda erməni cəmiyyəti Paşinyana qarşı hərəkəti də hakimiyyətə deyil, dövlətə qarşı bir üsyan hərəkəti kimi dəyərləndirilməlidir. Ermənistanda milli kimliyin qorunub saxlanmasında da dövlət təfəkkürü rol oynamayıb. Daha çox erməni düşüncə sisteminin məhsulu olan  milliyyətçi düşüncə ona qarşı çıxıb. Bu düşüncənin daşıyıcıları isə dövlətin içindəkilər olmayıblar. Bu məsələdə daha çox kənar təsirlər rol oynayıb. Xarici ölkələrdəki düşüncə quruluşları, o cümlədən erməni milliyyətçi siyasi təşkilatlar, erməni milli dərnəkləri, erməni lobbi təşkilatları və diaspor quruluşları deyilənlərə əyani misaldır”.

Q.Çaxmaqlı vurğulayıb ki, ermənilər üçün uzun illər mərkəzi siyasi fiqur Daşnaksutyun Partiyası olub: “Erməni dövlətinin necə hərəkət edəcəyini daşnaklar müəyyən ediblər. İndi Ermənistan dövləti, Nikol Paşinyan hakimiyyəti ilə tərs düşən daşnaklar erməni cəmiyyətini anti-dövlət, anti-hakimiyyət şüuru ilə hərəkət etməyə sövq edirlər. Kollektiv sosial düşüncənin dövlətə qarşı olmasının bir səbəbi budur. Digər bir səbəb isə Ermənistan dövlətinin bu şəkildə davam edəcəyinə inamsızlıqdır. Erməni cəmiyyəti get-gedə bu inamını itirməkdədir. Çünki onlar başqasının torpaqlarında dövlət qurub, xoşbəxt yaşamağın mümkün olmadığını artıq anlayıblar. Dövlət təfəkkürünün formalaşması üçün ənənə olmalıdır. Ermənilərin dövlətçilik ənənəsi heç vaxt olmadığından bu istəklərinə nail ola bilmirlər. Mənə elə gəlir ki, Nikol Paşinyanın son çıxışlarında da bu məsələ açıq şəkildə ortaya qoyulub”.

Nailə QASIMOVA

Seçilən
15
medianews.az

1Mənbələr