AZ

170 milyard dollarlıq töhfə rəsmi Bakının UĞURUDUR

İndiyə qədər keçirilən COP konfranslarında ildə 100 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulurdu. Bu, böyük məbləğ hesab olunurdu. Sonrakı proseslərdə mütəxəssislərin, ekspertlərin gəldiyi rəyə əsasən burada mininum 1 trilyon dollar vəsait ayrılmalıdır. Bunun üçün vəsaiti də təbii ki, başda atmosferi daha çox çirkləndirən, sənaye baxımından inkişaf etmiş, iqlim dəyişikliklərinə səbəb olan dövlətlər ayırmalıdır. Misal olaraq Çin, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan, Yaponiya və Braziliyanı göstərə bilərik.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

 

Onun sözlərinə görə, Dünya Bankının ayırdığı 170 milyard dollar çox sevindirici məbləğdir:

 

“Bu uğuru bilavasitə rəsmi Bakının apardığı siyasətin nəticəsi kimi qəbul etmək olar. İndiyə qədər Dünya Bankı iqlim dəyişiklikləri ilə bağlı bu qədər vəsait ayırmamışdı. Bu çox gözəl nümunədir, böyük dövlətləri də təşviq edir. Taleh belə gətirib ki, iqlim dəyişikliklərinə ən çox təsir göstərən dövlətlər son illər bu və ya digər səbəblərdən yayınırlar. COP29-un ən böyük uğurlarından biri odur ki, Dünya Bankı belə bir vəsaiti ayırıb. Çünki indi konkret tədbirlər görülməsə, planlar icra olunmasa, planetin gələcəyi şübhə altında qalacaq. Bu gün ayrılan vəsait kifayət qədər olmasa, yaxın gələcəkdə onun bir neçə dəfə artırılması zərurəti yaranacaq. Bu gün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bundan ötrü dünya birliyinin vahid bir mövqedən çıxış etməsi lazımdır. Burada hansısa siyasi simpatiya yaxud antipatiyadan asılı olmayaraq, COP sammitlərini siyasiləşdirmədən beynəlxalq birlik öz üzərinə düşən vəzifələri icra etməlidir. Bunun başqa yolu yoxdur”.

Seçilən
27
modern.az

1Mənbələr