AZ

COP29-da Uşaq, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə irəliləyişlərin artırılması mövzusunda konfrans keçirilib

COP29 çərçivəsində Uşaq, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə irəliləyişlərin artırılması mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə tədbirin moderatoru Qabriella Peterson çıxış edərək, UNICEF, UNESCO-nun sülh istiqamətli təşəbbüslərdə uşaq və gənclərin iştirakına önəm verdiyini söyləyib:

"UNESCO, UNICEF və BMT dəstəyə ehtiyacı olan hər kəsin evidir. Bizim təşkilatlar gənclərin səsini qərar qəbul etmək səlahiyyəti olan qurumlara çatdırmaqla məşğuldur. Bu təşkilatlar sülh və iqlim təhlükəsizliyindən istifadə edərək, sülh təşəbbüslərində uşaqların və gənclərin rolunun artırılmasının tərəfdarıdır. Gələcək nəsillərin sağlamlığı naminə bütün dövlətlər iqlim təhlükəsizliyinə, eləcə də iqlim dəyişikliyinin yaratdığı risklərə ciddi diqqət yetirməlidir. Bunun üçün iqlim fəaliyyəti sahəsində dayanıqlığın təminatını çox vacib sayıram".

COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib ki, gənclər qlobal səviyyədə dayanıqlı, sülhə əsaslanan, iqlim cəhətdən təhlükəsiz bir gələcəyin qurulmasının tərəfdarıdır: "Bu məsələ COP28 zamanı da geniş şəkildə müzakirə edilib. Dünyadakı müharibələrin bəşəriyyətə vurduğu ziyanın həcmi statistik məlumatlarda özünü daha qabarıq şəkildə göstərir. Həm COP29, həm də COP30-da əsas məqsədlərimizə nail olmaq gələcək nəsillərimizin rifahı naminə səylərimizi birləşdirmək vacibdir. Biz hazırda gənclərin cəmiyyətdəki rolunun artırılması üçün bir sıra layihələr həyata keçiririk. Mən uşaqların zərərli təsirlərdən qorunması istiqamətində səylərin davam etdirilməsini vacib sayıram".

İordaniyanın Ətraf Mühit Nazirliyinin hüquq müşaviri Hala Alvşah isə deyib ki, hər hansı ölkənin iqtisadi inkişafı iqlim dəyişikliyi əleyhinə həyata keçirilən effektiv tədbirlərdən asılıdır: "Biz ölkəmizdə ətraf mühitin qorunması üçün bir sıra innovativ tədbirlər həyata keçirik. Hesab edirəm ki, iqlim dəyişikliyi ilə mübarizə məqsədli inzibati tədbirlərin effektivliyinin artırılması üçün inklüziv mexanizmlərin həyata keçirilməsi zəruridir. Fikrimcə, COP29 iqlim dəyişikliyi sahəsində tədbirlərin təsirinin artırılması və iştirakçı ölkələr arasında təcrübə mübadiləsi üçün ideal bir imkandır".

Tədbir fikir mübadiləsi şəraitində davam etdirilib.

Seçilən
17
1
apa.az

2Mənbələr