AZ

Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirir - Muxtar Babayev

Bakı, TurkicWorld

Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirir və iqlim dəyişikliyinin artan təsirlərinə uyğunlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayev "Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu" adlı tədbir iştirakçılarına videomüraciətində deyib.

"Azərbaycanda Cənub-Cənub əməkdaşlığı sahəsində zəngin təcrübə mövcuddur. Biz qürur duyuruq ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. Bu hərəkat, inkişaf etməkdə olan ölkələrin əməkdaşlıq edib irəliləyişə nail ola biləcəyi yollardan biridir", - o bildirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti qrupları iqlim tədbirlərinin inkişafında mühüm rol oynayır.

"Onlar yeni perspektivlər, ideyalar və strategiyalar təqdim edir, eyni zamanda həssas icmaların səslərini gücləndirirlər. İqlim böhranı hər kəsə təsir edir, lakin onun nəticələri qeyri-bərabər paylanır. Biz yerli xalqların, icmaların, fəalların, gənclərin və digər həssas qrupların səslərini nəzərdən qaçıra bilmərik. Ədalətli, dürüst və həqiqətən təsirli həll yollarının hazırlanması üçün onların baxışları vacibdir. Bu yolda özəl sektor da mühüm rol oynayır. Bir çox müəssisələr artıq iqlim məqsədlərinə nail olmaqda liderlik nümayiş etdirir", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
29
31
turkic.world

10Mənbələr