AZ

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdü

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edib. Fikir mübadiləsi zamanı COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı vurğulanıb və görülən işlər yüksək qiymətləndirilib.
Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlər göstərdiyi diqqətə çatdırılaraq, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi qeyd edilib, Bakıda təşkil olunan COP29-un müzakirə olunan mövzuların aktuallığı, dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfələri baxımından çox mühüm beynəlxalq tədbir olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirak etdiyi COP29-a böyük marağın göstərildiyi və tədbirdə 70 mindən çox qonağın iştirak etməsinin bunun bariz ifadəsi olduğu qeyd edilib.

Görüşdə Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasındakı münasibətlər yüksək dəyərləndirilib, Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyi, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq, COP29 çərçivəsində keçiriləcək Parlament Görüşünün yüksək səviyyədə təşkil olunacağına inam ifadə olunub. Tərəflər konfransda müzakirə ediləcək məsələlərin əhəmiyyəti, iqlim dəyişikliklərinə qarşı atılacaq gələcək addımların müzakirəsi baxımından bu tədbirin vacibliyini qeyd ediblər.


Müəllif: Teleqraf.com
Seçilən
8
7
teleqraf.com

9Mənbələr