AZ

ƏfsanəviZəfər

Asəf  Salmanov,

YAP Qazax rayon təşkilatının əməkdaşı

  2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən ürəyi olan Şuşadan qovub çıxardı. Müdrik xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin misilsiz tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Dövlətimizin Başçısı, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar, qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə yerinə yetirdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz, Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları  Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycanın Dövlətçilik  tarixinə Qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrlərdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentimizin  rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın bir dövrdə kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan öz gücü ilə məhz, özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz Lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.

Müasir dövrdə Şuşanın dirçəldilməsinin strateji əhəmiyyəti kifayət qədər böyük və çox önəmlidir. Belə ki, Böyük Qarabağ Zəfərində məhz Şuşa şəhərinin işğaldan azad edilməsi həlledici rol oynamışdır. Dünyanın hərb dərsliklərinə düşmüş Şuşa  döyüşünün bir əfsanəyə çevrilməsi, Şuşa fatehlərinin misilsiz igidliyi və qəhrəmanlığı tarixlər boyunca yaşayacaqdır. Məhz, bu səbəblərdən Şuşaya hazırda Qarabağda və ümumilikdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi proseslərində əsas mərkəz kimi baxılır. Şuşa dirçəldikcə və inkişaf etdikcə Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi bütün dünya azərbaycanlılarını birləşdirən müqəddəs bir məkana çevrilir.

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr