AZ

Gədəbəydə gənc oğlan həmyerlisini bıçaqladı — TƏFƏRRÜAT

Gədəbəy rayonunda 1995-ci il təvəllüdlü Azad Allahverdiyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi, 1988-ci il təvəllüdlü Siyavuş Quliyevə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azad 2 avqust 2022-ci ildə, saat 16 radələrində yaşadığı Gədəbəy rayonu, Miskinli kəndinin mərkəzində idarə etdiyi “VAZ-21214” minik markalı avtomobili yolun sağ, nisbətən mərkəz hissəsində saxlayaraq avtomobillərin hərəkətini məhdudlaşdırmaqla mobil telefonla danışıb. 

Bu zaman “VAZ-21060” markalı minik avtomobillə Gədəbəy rayonu istiqamətində hərəkətdə olan həmkəndlisi Siyavuşun siqnalından istifadə etməklə ona yolun hərəkət hissəsindən avtomobilini çıxarmasını bildirib. 

Belə olduqda Azad əli ilə Siyavuş Quluyevə yolun sol tərəfini göstərərək həmin istiqamətlə hərəkətini davam etdirməsini bildirib. Siyavuş avtomobilini sol tərəflə idarə etməklə onun avtomobilinin qarşısında saxlayıb və yerə düşərək ona yaxınlaşıb. Siyavuş Azada “ə küçük niyə yol vermirsən” kimi təhqiramiz sözlər və nalayiq ifadələr işlədərək yumruqla sifət nahiyyəsinə bir neçə dəfə vurub. 

Yaranmış münaqişə zamanı Azad avtomobilində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını götürüb, həmin bıçaqla Siyavuş Quluyevin ön və sol döş qəfəsi nahiyəsinə qəsdən üç dəfə zərbə vurub. 

Hadisəni törədən Azadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin avqustun 2-də kəndin mərkəzinə gəlib və orada avtomobilini saxlayıb: “Siyavuş da həmin vaxt orada olub. Siyavuş avtomobilini mənim avtomobilimin arxasında saxladı və mənə “niyə avtomobilini orada saxlamısan” deyərək iradını bildirdi. Mən də Siyavuşa cavab olaraq işimin olduğunu bildirdim. Siyavuş həmin vaxt mənimlə soyuq danışdı, mənə “gözlə avtomobili saxlayıb sənlə söhbət edəcəm” deyərək avtomobili saxladı. Siyavuş gələrək mənimlə sohbət etdi. Mən də avtomobildən düşdüm və onunla söhbət etdim. Həmin vaxt aramızda mübahisə yarandı və Siyavuş mənə soyüş söyərək vurdu, mənə xəsarət yetirdi. Mən də bundan əsəbləşdim. Siyavuş söyüş söydüyünə görə onu bıçaqla vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Siyavuşun sözlərinə görə, Azad avtomobili ilə yolun hərəkət hissəsində dayandığından ondan keşmək üçün yol istəyib, amma Azad ona yol verməyib: “Mən də avtomobili Azadın avtomobilinin qarşısında saxladım. Azada “niyə yol vermirsən” dedim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı ilk olaraq Azadı soydüm və onu vurdum. Daha sonra Azad məni bıçaqla vurdu”. 

Şahid qismində ifadə verən Azadın əmisinin sözlərinə görə, avqustun 2-də, saat 16 radələrində Gədəbəy rayonu, Miskinli kəndində yerləşən “Köç yolu” adlanan yerdən Elşən İmamverdiyevin ət dükanından ət almaq üçün gəlib: “Ət dükanından geri qayıdan zaman təxminən 30 metr kənarda qışqırıq səsini eşitdim. Qışqıran şəxsin qardaşım oğlu Siyavuşun səsinin olmasını bildikdən sonra həmin yerə gəldim. Ora çatan zaman mənimlə eyni vaxtda Siyavuşun arvadı Sona avtomobildən düşdü və Siyavuşun yanına gəldi. Mən Siyavuşun yanına çatanda onun kürəyindən qan axdığını gördüm. Həmin vaxt Azada məxsus “VAZ-21214” markalı avtomobil yolun kənarında, Siyavuşa məxsus “VAZ-21060” markalı avtomobil isə ondan bir qədər irəlidə dayanmışdı. Mən Azada “nə üçün dalaşdın” deyərək iradımı bildirdim. Azadı oradan uzaqlaşdırdım. Siyavuşun qan itirməsini gördüm, onu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına apardım. Azadın Siyavuşu bıçaqla vuraraq xəsarət yetirməsini görməmişəm. Ora çatnda Azadın Siyavuşdan bir qədər kənarda olmasını, Siyavuşun isə üst-başının qan olmasını görmüşəm. Azadı orada görən zaman onun əlində bıçaq olmayıb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azad 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr