AZ

Fransanının neokolonializm siyasəti çat verir

İmperiya keçmişi olan  bəzi dövlətlər XX əsrdə müstəmləkəçilik siyasətin­dən əl çəkdilər. Amma Fransa XXI əsrdə də həmin siyasəti davam etdirir.  Elə bu səbəbdən Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları bu gün yalnız ekoloji problemlərdən deyil, həm də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Xatırladaq ki, hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

Bəli, neokolonializm siyasəti həyata keçirən Fransa uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümum­bəşəri prinsiplərini kobud şəkildə pozmaqdadır. Nəticədə milyonlarla gü­nahsız insanın azadlıq, sər­bəst hərəkət etmək, mülkiyyət, sağlam ətraf mühitdə yaşamaq  kimi insan hüquqları ayaqlar altına atılır. Bu özbaşınalıq si­yasi xarizmasını itirən, idarəçilik təc­rübəsi olmayan, ölkəsini hərc-mərclik və anarxiya, xaos durumuna gətirən Fransa Prezidenti Emmanuel Makronun ölkəyə rəhbərliyi dövründə daha geniş intişar tapıb. Hətta Makron rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb, 1700 insan həbs edilib. Bir sözlə, Makron azadlıqları uğrunda mübarizəyə qalxanlara, sözün həqiqi mənasında divan tutmaqdadır. Bu, bir daha onu göstərir ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan və digər qurumlardakı mövqeyindən istifadə istifadə edərək adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Üstəlik, özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir.

Bütün bunlar barədə noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində söz açan Prezident İlham Əliyev Fransanın müstəmləkə siyasətini beynəlxalq səviyyədə bir daha ifşa edib. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı bu ölkənin müstəmləkəçilik siyasətini dəfələrlə konkret faktlarla beynəlxalq aləmə çatdırıb. Hətta Prezident İlham Əliyev çıxışlarının birində  Fransanın Avropadan kənarda idarə etdiyi əraziləri fransız müstəmləkə imperiyasının iyrənc qalıqları adlandırıb. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən 2023-cü ildə yaradılmış  Bakı Təşəbbüs Qrupu (BTQ) da hər vəchlə ölkəmizin tarixi qələbəsinə, azad edilmiş ərazlərdə aparılan abadlıq-quruculuq işlərinə, sülh prosesi istiqamətindki danışıqlara   kölgə salmağa çalışan Fransanın iç üzünün açılmasında xidmətləri böyükdür.  Bu qurum COP29 çərçivəsində Fransanın müstəmləkəsində olan ada ölkələrinin fəallarının iştirakı ilə  “Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!” adlı aksiya da keçirib.

Bir məsələni də vurğulayaq ki, bu tədbir çərçivəsində keçirilən “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfransda Fransanın və Niderlandın müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki ətraf mühitin acınacaqlı vəziyyətindən danışmaqla yanaşı, müstəmləkəçilərin törətdikləri vəhşiliklərdən də söz açıblar. Məsələn, Qviana nümayəndəsi avropalıların onların ərazisinə yerləşdirilməsi ilə yerli xalqa qarşı törədilmiş soyqırımın faciəli tarixini xatırladaraq, müstəmləkəçiliyin onların mədəniyyətlərinin məhvinə, əvəzolunmaz ekoloji biliklərin itirilməsinə səbəb olduğunu bildirib. Şübhəsiz,  bu kimi addımlar Fransanın neokolonializm siyasətinin çat verməsinə gətirib çıxarır. Yeni Kaledoniyada baş verən hadisələr  də bunu deməyə əsas verir. Bu mənada əminliklə demək olar ki, Fransanın neokolonializm siyasəti məhvə məhkumdur.

Dövlətimizin başçısı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında, həmçinin vurğulayıb ki, bütün bunlara görə Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilmir: “Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür”. Şübhəsiz, bütün bunlar Qərbin yeritdiyi ikili standartlardan qaynaqlanır. Elə Qərbin bu mövqeyinə görə Azərbaycan həmin ölkələrin problemlərini mütəmadi dilə gətirməklə yanaşı, onların haqq işini də dəstəkləyir.

Fransa Ermənistanın arxasında gizlənərək bu mənfur təcrübəni siyasi riyakarlığın təcəssümü olan Avropa Parlamenti və Avropa Şurası Parlamentinin əli ilə Cənubi Qafqazda tətbiq etməyə çalışır.  Bununla da digər ölkələrin,  o cümlədən Azərbaycanın daxili işlərinə qarışır. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”. Görəsən, Avropanı “bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təqdim edən, COP29 prosesini pozmağa çalışan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel bundan bir nəticə çıxaracaqmı? Yəqin ki, çətin. Əgər nəticə çıxarsaydı, “X” platformasındakı hesabında yazmazda ki, biz Fransa və Hollandiyanı dəstəkləyirik.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
60
ikisahil.az

1Mənbələr