AZ

“Turan”ın Qərbə əcaib havadarlığı

Agentliyin müstəmləkəçi ölkələrə sevgisinin sirri; deputat: “Sən demə, Azərbaycanda makronçular qrupu var imiş”

Prezident İlham Əliyevin COP29 tədbiri çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı, sən demə, Azərbaycandakı “sapı özümüzdən olan baltaları” da əndişələndirib. Yada salaq ki, dövlət başçısı həmin gün Fransa başda olmaqla, Qərbin bəzi dövlətlərinin davam edən neokolonializm və irqçi siyasətini sərt tənqid edib.

Turan

Sitat: “Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

Sonda Prezident bu ölkələrə azadlıq və müstəqillik uğrunda mübarizədə daha da dəstək verəcəyini vəd edib.

“Turan” informasiya Agentliyi isə bu çıxışa (dəstəyə) belə bir ironik şərh verib: “Qeyd edək ki, həmin ”məzlum ölkələrin" və zalda iştirak edən digər dövlətlərin bir çox nümayəndəsi Əliyevi alqışlamayıblar. Bu funksiyanı zalı dolduran çoxsaylı azərbaycanlı könüllülər və rəsmi şəxslər öz üzərinə götürüblər".

Yəni “Turan” faktiki surətdə Qərbin neokolonializm siyasətinə qahmar çıxıb. Görəsən niyə? Gələn sifariş belədirmi? Maraqlıdır, hansı əsasla agentlik bu qənaətə gəlib? Onun əməkdaşı tədbirdə, zalda olubmu, COP29-da varmı, iştirak edirmi? Alqışlayanların hamısının Azərbaycan təmsilçiləri olduğunu necə müəyyən edib?

Əlavə edək ki, elə həmin gün müstəmləkəçilikdən zərər çəkmiş dövlətlərin nümayəndələri COP29 çərçivəsində Hollandiya və Fransanın müstəmləkəçilik siyasətlərinə qarşı aksiya keçiriblər. Etirazçılar “Yaşıl və müstəmləkəsiz dünya üçün həmrəylik” şüarını səsləndiriblər. Amma bu xəbəri “Turan” İA yaymayıb. Yenə sual yaranır: görəsən niyə?

Deputat

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Ceyhun Məmmədov bildirir ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün olduqca əhəmiyyətli məsələdir. Bu, Azərbaycanın nüfuzunun və ona olan etimadın göstəricisidir: “Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Dünya ölkələri indi Azərbaycanın irəli sürdüyü məsələlərə diqqət yönəldir. Hesab edirəm ki, müxalifəti və ya iqtidarı təmsil etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı bu tədbirin ölkəmizdə keçirilməsinə yalnız sevinməlidir. Bu, BMT-nin tədbiridir, dünyanın yüzlərlə dövləti COP-un öz ölkəsində keçirilməsini istəyir.

COP öncəsi və indi çox təəssüf ki, özünü azərbaycanlı sayan insanların tənqidlərinin şahidi oluruq. Təzadlı bir vəziyyət yaranıb, ayrı-ayrı ölkələr Azərbaycanı bu uğurun mənbəyi hesab edir, azərbaycanlı olduğunu iddia edən insanlar isə bu məsələlərə tənqidi yanaşmağa çalışırlar. Dolayısı ilə Qərbin bir sıra dairələrinin dərmanına su tökürlər. COP29 ümummilli məsələdir və ümumi uğurumuzdur".

Deputatın sözlərinə görə, dövlət başçısı İlham Əliyev Liderlərin Sammitindəki çıxışında çox mühüm mesajlar verib. Çıxışdakı vacib məqamları deyil də, kimlərin əl çaldığını yazmaq yanlış yanaşmalardan biridir: “Bütün bu çıxışların videosu var. Orada prezidentin çıxışından sonra insanların onu necə alqışladığı açıq-aydın görünür. Bundan sonra durub kimin alqışlaması ilə bağlı xırdaçılığa yol vermək heç bir azərbaycanlıya yaraşan iş deyil. Tədbirin əhəmiyyətini azaldacaq yanaşmalardan biz uzaq olmalıyıq. Bu çıxışların hər biri konseptual idi və çox önəmli məqamları özlüyündə vurğulayırdı.

İlham Əliyev çıxışında Fransanın müstəmləkə çıxışını da sərt tənqid etdi. Bu cəsarəti hər ölkənin lideri özündə tapa bilməz. Azərbaycan prezidenti bu cəsarətli fikri səsləndirərək, Fransanın müstəmləkələrində həyata keçirdiyi siyasətə qarşı öz mövqeyini ortaya qoydu. Bu isə bəzi yerli qərbpərəstlərin maraqlarına uyğun gəlmir. Çünki onların bəziləri xaricdən maliyyələşirlər və bütün bunlara ümummilli mövqedən yanaşa bilmirlər. Nəticədə xaricdən maliyyələşən mətbu orqanlarda qərəzli məlumatlar yazılır.

İlham Əliyevin açıq-aydın çıxışını hər lider edə bilməzdi. Deyilən fikirlər obyektiv idi və real faktlara söykənirdi".

Deputat

Deputat Aydın Mirzəzadə deyir ki, cəmiyyətimizdə xarici dairələrin maraqlarını açıq və gizli şəkildə müdafiə edən qüvvələr var.

Bunlar mətbuatda və sosial şəbəkələrdə mövcuddur, bir qayda olaraq Azərbaycanın uğurlarına qərəzli yanaşırlar.

“Prezident çıxışında çox haqlı olaraq Fransanı yeni müstəmləkə siyasətində tənqid etdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, dünyada ədalətin, beynəlxalq hüququn bərqərar olmasına məsul olan dövlət indiyə qədər dünyanın müxtəlif bölgələrində müstəmləkə saxlayır. Həmin yerlərdə nüvə silahlarını sınaqdan keçirir. Bu, cəsarətli və dünyanın böyük bir hissəsinin gözlədiyi çıxış idi. Bunu təqdir etmək əvəzinə bəzi mətbuat orqanlarının Makronun mövqeyini müdafiə etməsi təəccüb doğurur. Sən demə, Azərbaycanda makronçular qrupu var imiş. Onlar açıq şəkildə Makronun anti-Azərbaycan siyasətini, ölkəmizə qarşı nifrətini yaymağa çalışırlar. Biri burada Makronu müdafiə edir, digəri anti-Azərbaycan çıxışlar edən yalançı ekofəal Qreta Tunberqin yanında dayanır. Çox təəssüf ki, cəmiyyətimizdə belələri var. Lakin hesab edirəm ki, cəhdləri əbəsdir. Azərbaycan xalqı həmişə milli kimliyini ortaya qoya bilib”.

Şahanə RƏHİMLİ,
Musavat.com

Seçilən
10
40
musavat.com

10Mənbələr