AZ

Tələbələrdən Meloniyə böyük ETİRAZ - Yaralılar var

İtaliyada tələbələr Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökumətinin təhsil siyasətinə etiraz ediblər.

News24.az xəbər verir ki, ölkənin bir çox şəhərində tələbələr Meloni hökumətinin təhsil siyasətinə etiraz olaraq meydanlara çıxıb. Nümayişçilər əllərindəki Fələstin bayraqları ilə İsrailin hücumu altında olan Fələstinə dəstəklərini ifadə ediblər.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbində yerləşən Turin şəhərində keçirilən nümayiş zamanı tələbələrlə təhlükəsizlik qüvvələri arasında vaxtaşırı dava düşüb.

Turində tələbələr qubernator binasına doğru yürüş etmək istədikləri zaman Castello meydanında təhlükəsizlik qüvvələri ilə qarşılaşıblar. Polis tələbələrə dəyənəklərlə müdaxilə edib. Hadisələrdə 15 mühafizəçinin yaralandığı bildirilib.

Yürüş zamanı bir qrup tələbə bəzi "fast food" brendlərinin dükanlarına girərək, "İntifada" şüarları səsləndirib və İsraili dəstəklədiklərini əsas gətirərək bu müəssisələrə etiraz ediblər.

Turində keçirilən nümayiş zamanı təhsil naziri Cüzeppe Valditaranın heykəli də yandırılıb.

Xüsusilə paytaxt Roma və Milan, Neapol və Bolonya kimi şəhərlərdə tələbələr Meloni hökumətinin təhsil siyasətlərinə reaksiya göstərdilər.

Bu arada Milanda keçirilən nümayişdə nəhəng Fələstin bayrağı açılıb.

Baş nazir Meloni, öz hesabında etdiyi paylaşımda bunları qeyd edib:

"Bütün yaralı polislərimizə şəfa diləyirəm və tezliklə sağalmalarını arzulayıram. Ümid edirəm ki, bəzi siyasətçilər bu zorakılığı qorumağı və ya qanuniləşdirməyi dayandıracaq və heç bir şübhə doğurmadan belə ciddi hadisələri pisləmək üçün birləşəcəklər.

Günel Məlikzadə


Seçilən
22
news24.az

1Mənbələr