BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal ekoloji böhranla mübarizə ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Konfransda ölkənin turizmdən iqtisadiyyata qədər bir çox sahələrdə inkişafı diqqət mərkəzindədir.
Oxuməni.az xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Türkiyənin Bolu vilayətinin Abanta İzzət Baysala Universitetinin müəllimi, İqlim Dəyişiklikləri və Enerji Araşdırmaları Mərkəzinin qurucusu və rəhbəri, dosent İlhan Sağsen ifadə edib.
Alim Azərbaycanı həm də bərpaolunan enerji mənbələri (RES) sahəsinin inkişafına yönəlmiş əhəmiyyətli enerji gündəmi olan mühüm ölkə adlandırıb.
O qeyd edib ki, Azərbaycan təkcə qazıntı yanacağı istehsalçısı deyil, həm də yaşıl iqtisadiyyatın fəal inkişafı ilə bağlı məqsədlərini açıqlayıb: “Bu gün Azərbaycanda, xüsusən də erməni işğalından azad edilmiş ərazilərdə çoxsaylı ekoloji layihələr və “yaşıl şəhərlər” konsepsiyası həyata keçirilir. Bununla yanaşı, respublika enerji ixracı potensialını bərpaolunan enerji mənbələri hesabına formalaşdırmağa çalışır”, - deyə alim bildirib.
Ekspert Ukraynada müharibənin başlaması ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə alternativ töhfə mənbəyi kimi əhəmiyyətinin artdığına diqqət çəkib.
“Təsadüfi deyil ki, Aİ Azərbaycandan indikindən iki dəfə çox qaz almağa hazır olduğunu bəyan edib. Azərbaycanın enerji imkanlarını və ölkənin Mərkəzi Asiyaya çıxış kontekstində yerləşdiyi coğrafi məkanı nəzərə alsaq, Bakının mövqeyi daha da güclənəcək”, -deyə Türkiyənin İqlim Dəyişikliyi və Enerji Araşdırmaları Mərkəzinin rəhbəri əminliklə vurğulayıb.
Sağsenin fikrincə, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin yaxınlaşması COP29 çərçivəsində də özünü göstərə bilər ki, bu da Türk dünyası üçün ortaq ekoloji və enerji gündəliyinin inkişafına töhfə verəcək.
Alim vurğulayıb: “Əminəm ki, COP29 iştirakçıları ətraf mühitə xüsusi diqqət yetirməklə yeni əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsi mövzusuna toxunacaqlar. Bu, Azərbaycan və digər TDT ölkələrinə münasibətdə Türk dünyasının inkişafı üçün stimul ola bilər”.
Oxuməni.az