AZ

“Göyqurdlar” yığmaya sonuncu şansı verdi

Ölkəmizin futbol yığması bu gün tarixində ilk dəfə Qəbələ stadionunda Estoniyanı qəbul edəcək.

COP 29 ilə bağlı paytaxdan kənarda keçiriləcək oyuna maraq böyükdü. Amma bu oyun üçün cəmi 1800 bilet satışa çıxarılıb. Halbuki Qəbələ şəhər stadionu 4500 yerlikdi. Stadiona tutumundan az azarkeş buraxılması təsadüfi deyil. UEFA stadionun iki tribunasına girişi məhdudlaşdırıb. Buna səbəb isə həmin tribunaların dəmir konstruksiyalı olmasıdı. Belədə millimizin oyunu üçün azarkeş sayı iki dəfədən də artıq azaldılıb. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli durumu belə izah etdi:

“Beynəlxalq oyunlar zamanı dəmir konstruksiyalı tribunalara azarkeş buraxıla bilməz. Bu, UEFA-nın tələbidi. Qəbələdəki qalan tribunalar isə Qəbələdə 1850 adam tutur”.

Yığmanın əsas azarkeş qrupu olan “Göyqurdlar”ın da bugünkü oyunla bağlı fikirlərini öyrəndik. Azarkeş qrupunun rəhbıri Elnur Şəriflinin dedikləri:

“Fikrimcə, milli komanda Azərbaycanın hər yerində oynamalıdı. Lakin bölgələrdə stadionların vəziyyəti ürəkaçan olmadığı və UEFA standartlarına cavab vermədiyi üçün oyunlar həmişə Bakıda keçirilirdi. Biz yenə də komandamızı dəstəkləməyə Qəbələyə də gələcəyik. Matçda 275 nəfər üzvümüzlə iştirak edəcəyik. Bu gün səhər saatlarında Bakıdan avtobuslarla yola düşəcəyik. Oyun bitəndən dərhal sonra isə Bakıya qayıdacağıq. Nə qədər yorucu və çətin səfər olsa da, üçrəngli bayrağımızın arxasınca gedirik. Ümid edirik ki, futbolçularımız da bu məsuliyyəti dərk edərək sonra qədər mübarizə aparacaqlar. Məğlubiyyəti düşünmək belə istəmirik. Çünki məğlub olub aşağı liqaya düşmək milli komandanın və AFFA-nın imicinə çox ağır zərbə vuracaq. Bu zərbənin təsirindən isə nə biz azarkeşlər, nə də futbolçular uzun müddət özünə gələ bilməyəcəklər. İndiki vəziyyətdə stadiondan didərgin düşən azarkeşləri tribunalara qaytarmaq çox çətindi. Milli komanda artıq azarkeşlərin gözündə özgələşib, uzaqlaşıb. Nəticənin olmaması isə buna bilavasitə təsir edən amildi. Fikrimcə, Qəbələdə azarkeş sayının 2-3 min olması önəmli deyil, əsas olan sona qədər bayraq üçün savaşmaqdı. İllər öncə milli komanda Tofiq Bəhramov adına stadionda 30 min azarkeşin qarşısında oynayırdı. İllərlə davam edən uğursuzluqlar üzündən həmin kütlə əriyərək məhv oldu. Bu azarkeş kütləsi isə həm futbolçular, həm də federasiya üçün artıq son şansdı. İnsan haqq etdiyini yaşayır, əlimizdəkilərin qədrini bilmək lazımdı. Bütün azarkeşləri üçrəngli bayraq eşqinə stadiona dəvət edirik”.

RÖYANƏ OĞUZ
Seçilən
22
football-plus.az

1Mənbələr