AZ

Abxaziyanı kim və niyə qarışdırır?

Son günlər separatçı Abxaziya yenidən gərginlik meydanına çevrilib. Gərginliyə səbəb isə Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak satın almağa icazə verən qərardır. 

Məlumatlara görə, belə bir qərar abxaz müxalifətinin narazılığına səbəb olub və onlar etiraz aksiyalarına başlayıblar. Bir qrup etirazçı parlament binasını ələ keçirib. Etirazçılar bu fonda Abxaziya "prezidenti"nin istefasını da tələb ediblər. Nəticədə Rusiya mətbuatının yazdığına görə, Abxaziya lideri Aslan Bjaniya etirazçıların təşəbbüs qrupu ilə görüş zamanı postunu tərk etmək təklifi ilə razılaşıb. 

Bjania "respublika prezidenti" olaraq, indiki "vitse-prezident" Badru Qunbanı təyin etməyi təklif edib. Lakin etirazçılar bununla razılaşmayaraq, bütün "prezident" komandasının, o cümlədən "vitse-prezident" və Abxaziyanın "baş naziri"nin istefasını tələb ediblər.

Müxalifət növbədənkənar "prezident seçkiləri" keçirilməzdən əvvəl "respublika rəhbəri" vəzifələrinin "parlamentin spikeri" Laşa Aşuba həvalə edilməsini təklif edib. 

Görəsən, qondarma Abxaziyada baş verən bu qarşıdurmanın əsas səbəbi nədir? 

Qeyd edək ki, artıq bir müddətdir Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana birləşdirilə biləcəyi məsələsi gündəmə gəlib. Belə ki, "Gürcü Arzusu" hökumətinin xarici agentlər və LGTB haqqında qəbul etdiyi qanunlar fonunda fikirlər səslənir ki, həmin qanunlarda başlıca məqsəd Qərbin Gürcüstandakı təsirini zəiflətməkdir. Hansı ki, son proseslər də hadisələrin məhz həmin istiqamət üzrə getdiyini göstərir. Bu isə birmənalı şəkildə Rusiyanın marağına cavab verir. Görünür, Moskva Tiflisin Qərbdən uzaqlaşması fonunda, onun üçün ağrılı problemlər olan Abxaziya və Cənubi Osetiya məsələsinin Gürcüstanın xeyrinə həllinə, daha doğrusu yenidən ona birləşdirilməsinə razılıq verib. Məhz belə bir razılığın alınmasının nəticəsidir ki, Gürcüstan yuxarıda qeyd edilən qanunları qəbul edib. 

İndi qalır abxazları və osetinləri razı salmaq. Görünür qondarma Abxaziyanın mövcud "hakimiyyəti" həmin məsələyə təpki göstərib. Ona görə də Kremldən idarə olunan müxalif adında daha bir siyasi qüvvə rus vətəndaşlarının Abxaziyada daşınmaz əmlak almasını bəhanə edərək, Aslan Bjaniya hakimiyyətinin istefası tələbilə meydana çıxıblar. Prosesin gedişi, Bjaniyanın belə tez geri çəkilərək, təslim olması onu deməyə əsas verir ki, olay məhz Moskvadan idarə olunur. Əks təqdirdə, Rusiyanın "xeyir-duası" olmasaydı, çətin ki, Bjaniya hökuməti belə zəiflik nümayiş etdirərdi. 

Heç kimə sirr deyil ki, Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarəti altındadır. Belə olan halda, başı daha vacib problemlərə qarışsa da belə, Moskva Qərbin bu ərazilərdə hansısa bir hərəkətinə çətin ki, imkan versin. Mövcud vəziyyətdə bu mümkünsüzdür. Deməli, baş verən iğtişaşlarda Qərbin əlinin olması versiyası elə də inandırıcı deyil. Bunu Kreml edib və məqsədi də Tiflisi Qərbdən uzaqlaşdırıb, öz tərəfinə çəkməkdir. Bunun üçün də həmin separatçı rejimlərdə yenidən Tiflislə birləşməkdən başqa çıxış yolunun olmadığını anlayan keçici qüvvələri hakimiyyətə gətirməyə çalışır. Moskva başa düşür ki, keçmiş sovet məkanını yenidən öz təsiri altında saxlamağın yeganə yolu məhz burada yaranan və beynəlxalq miqyasda tanınan dövlətlərin, xüsusən də ərazi bütövlüyü məsələsində, maraqlarını da nəzərə almaqdan keçir. Əks təqdirdə, onlar birmənalı şəkildə Qərbə doğru istiqamət götürməli olacaqlar. 

Deməli, artıq Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana birləşdirilməsi yolunda növbəti addımın atıldığının şahidi olmaqdayıq. Hətta Gürcüstan rəsmilərinin Abxaziyadakı hadisələrə baxışları da belə deməyə əsas verir ki, proses məhz yuxarıda qeyd edilən addıma doğru gedir. 

Belə ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Abxaziya regionunda baş verən hadisələrə münasibət bildirərkən heç bir qurumun olmadığı, işğalçı hakimiyyətin mövcud olduğu istənilən ərazidə sabitliyin mümkün olmadığını deyib:

"Bu, orada işğalçı hakimiyyətin olmasının nəticəsidir. Odur ki, biz də deyirik ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur. İstər Gürcüstanda, istərsə də başqa yerdə işğal rejimi sayəsində yaradılan istənilən belə boz zonalar həmişə qeyri-sabitlik mənbəyidir, çünki bu, qurumların fəaliyyət göstərmədiyi ərazidir".

Hətta Gürcüstan prezidenti Salome Zurabişvili abxaz müxalifətini dəstəkləyib:

"İşğal olunmuş Abxaziyada Rusiya qanunlarının icrasına cəhd edilir və orada vətəndaş cəmiyyəti buna qarşı çıxır. Mən onlarla həmrəy olduğumu bildirmək istəyirəm".

Gürcüstan rəsmilərinin bu açıqlamaları da dolayısı ilə Abxaziyada cərəyan edən proseslərin məhz ərazinin yenidən Tiflisə birləşdirilməsinə hesablanmış addım olduğunu düşünməyə əsas verir. Bu fonda ola bilsin, növbəti bu cür hərəkətlər Cənubi Osetiyada da baş qaldırsın. Əgər, oradakı mövcud separatçı rejim də prosesə əngəl olmağa çalışsa... 

Rüfət Sultan

Seçilən
10
qaynarinfo.az

1Mənbələr