Noyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masa keçirilib.
Fins.az xəbər verir ki, dəyirmi masada beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirak ediblər.
Tədbiri açan DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindən təklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlim siyasəti aləti - CBAM mexanizminin tələblərini daha dərindən öyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyənləşdirmək və səmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdən keçirməkdən ibarətdir. S.Musayeva müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansın tapılması baxımından son dərəcəli əhəmiyyətli olduğunu vurğulayıb.
Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğu ilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin partnyoru Kasia Klaçinska Lyuis, “PwC” şirkətinin partnyoru Nadya Pikard və digər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.
İştirakçılar CBAM-ın biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüblər, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizm qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində müsbət dəyişikliklərə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqi qlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekoloji ədalətin təmin edilməsindən asılı olacaq.
Tədbir zamanı yaranan suallar ekspertlər tərəfindən cavablandırılıb və mütəxəssis şərhləri verilib.
Zemfira Ms
Fins.az