COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru, hazırda polis nəzarətində olan, ev dustaqlığı həyatı yaşayan Qubad İbadoğlu ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Turan agentliyi məlumat yayıb.
Görüşə Norveç höküməti adından gəldiyini bildirən xanım nazir Qubad İbadoğluya qarşı tətbiq olunan məhdudiyyətlər, onun sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamlar üzrə istintaqın gedişi ilə maraqlanıb.
Xanım nazir Anne Beathe Tvinnereim görüşdən sonra “X” şəbəkəsində yazıb ki, “doktor Qubad İbadoğlu ilə görüşə görə minnətdaram. Onun və həbsdə olan digər fəalların sağlamlığı və vəziyyəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Qanuni vətəndaş fəaliyyətinə görə həbslər əsas hüquqların pozulmasıdır. Adekvat tibbi yardım humanitar öhdəlik sayılır.”
Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim Qubad İbadoğlunun sağlamlığı və ona tətbiq edilən məhdudiyyətlər, eləcə də həbsdəki fəalların vəziyyəti ilə bağlı narahatlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı da səsləndirib. Ceyhun Bayramov bildirib ki, insan huquqları ilə baglı tənqidlər sadəcə məlumat azlıgından qaynaqlanır.