AZ

Erməni “bağça”sının calağı...

Borrelin kolonialist və  korrupsioner tablosu

Yeni dünya nizamı fərqli bir mənzərə formalaşdırmaqdadır. Bir müddət öncəyə qədər təkqütblü transformasiya, “mərkəzə meyllənmə siyasəti” əsas götürülürdüsə, fərqli pərdələr altında neokolonialist maraqların güclü təsiri təbliğ edilirdisə, artıq bu tendensiya sürətlə dəyişməkdədir. Artıq kiçik dövlətlər öz maraqlarının qorunması üçün siyasi səfərbərlik “elan” edir, özünü “dünyanın sahibi” sayan bir sıra güc mərkəzlərinə qarşı dirəniş göstərirlər. Bu isə açıq kontekstdə olmasa da, fərqli müstəvilərdə qarşıdurmalara yol açır - özünü “ali kateqoriya” hesab edən ölkələr “ikinci növ” saydıqları ölkələrin öz maraqlarını qoruması üçün səy göstərməsini həzm edə bilmir - hətta bunun qarşısını almaq üçün beynəlxalq hüquqa qarşı gəlməkdən, beynəlxalq ədaləti ikinci plana keçirməkdən, özünün “irqçi simasını” açıq şəkildə göstərməkdən çəkinmirlər. Bu işdə isə daha çox həmin “güc mərkəzlərinin “çirkli dəyənəkləri” işə yarayır...

Neokolonialist hücumların “dirijoru”...

“Cozef Borrel” adı geniş oxucu auditoriyasına yaxşı tanışdır. Sənəd üzərində statusu “Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi” olsa da, Qərb neokolonializminin kiçik dövlətlər üzərinə hücumlarının əsas “drijoru” sayılan bu şəxs yeni dövrün yeni nizamını həzm edə bilməyən mənafeçi “siyasi rupor” ordusunun önündə gəlir. İrqçi “fikirləri”, qeyri-demokratik yanaşmaları, antisemit mövqeyi Bor?elin əsl kimliyini “ələ verir”. Qlobal dünyaya “Aİ-nin siyasi siması” kimi təqdim edilən bu şəxsin alt-qatdakı nasist xisləti bütün çılpaqlığı ilə ortadadır. Adı daim rüşvət qalmaqallarında hallanan Avropa Parlamentinə rəhbərlik etmiş, sonradan isə qaranlıq yollarla Aİ-nin vəzifə tramplininə dırmanan Borrelin təvəllüdü belə “dodaqqaçırdıcıdır” - 1947-ci ildə separatçı böləgədə dünyaya göz açan Borrelin anadan olma tarixi qondarma “erməni soyqırımı” gününə “təsadüf edib. Təbi ki, bütün təsadüflər zərurətdən qaynaqlanır - Borrelin də qaranlıq “həyat hekayəsi” məhz qondarma iddia və yalan üzərindən “pöhrələnməyə” başlayıb. Siyasi baxışlarına görə, “sosialist” mövqeli sayılsa da, Borrelin bütün həyat  fəaliyyəti və “siyasi prioritetləri” lokal maraqlar uğrunda savaşa, siyasi və iqtisadi istismara, hüquqların məhdudlaşdırılmasına hədəflənib - başqa sözlə, “sosialist” pərdəsi altında “quldarlıq” arzuları Borrelin bütün siyasi həyatını hörümçək toru kimi əhatə edib.

Rüşvət dairəsinin “tənböləni”...

Təsadüfi deyil ki, ayrı-ayrı zamanlarda və müxtəlif vəzifələrdə Borrel şəffaflıq məsələlərinə görə sorğulanıb. İddialara görə, onun maliyyə fəaliyyəti və bəzi qərarları şübhə doğurub - hətta bəzi Qərb siyasətçiləri məşhur “Eva Kaini korrupsiyası” zamanı Borrelin “canfəşanlığını” onun özünü prosesdən təcrid etmək arzusu ilə əlaqələndirirdilər. Bundan başqa, bəzi Avropa strukturlarını özünün “rüşvət dairəsində” saxalayan lobbiçi milyarderlər, qızıl-zinət alverçiləri, silah qaçaqçıları, narkotrafikə başçılıq edən mafioz qrupların başçıları arasında da Borrellə əlaqəsini, dostluğunu gizlətməyən şəxslər var. Borrelin hətta həmin korrupsioner cinayətkar şəbəkə ilə rəsmi strukturlar arasında “körpü” olduğu da bildirilir...

“İrqçi”, “kolonialist” Borrel...

Borrelin qeyri-standart kimliyi barədə bir sıra nüanslara diqqət yetirək - onu xarakterizə edərkən bir məqam xüsusilə diqqət çəkir. Bu şəxsin əsas hədəfi müstəqil siyasət yürüdən, “səfirliyini etdiyi gücün” əmr və sifarişləri ilə oturub durmayan dövlətlər və şəxslərdir. İkili standartlı yanaşmaları ilə “məşhur” olan Borel fərqli ölkələrdə baş verən eyni mahiyyətli hadisələri özünün rakursundan “izah” etməkdə “ustadır” - xüsusilə, “əli çatmadığı” məkanlara qarşı hücum kampaniyaları təşkil etməkdə mahirdir. Təsadüfi deyil ki, bir çox fərqli coğrafiyalarda yerləşən ölkələrin dövlət başçıları Borreli “irqçi” və “kolonialist” adlandırıblar. Bu tənqidlər, xüsusilə, Borrelin “dili ilə” fərqli dövlətlərin daxili siyasətinə qarışmaqdan yana səsləndirilib.

Adı fərqli qalmaqallarda hallanır...

Cozef Borrel ilə bağlı yayılan xəbərlər arasında onun məşhur “Qatargate” skandalında dolayı əlaqəsi və digər potensial suistifadə hallarına dair ittihamlar da yer almaqdadır. Bu “skandal” Avropa Parlamentində fərqli ölkələrdən gələn rüşvətlərlə bağlı geniş istintaqa yol açmışdı - eyni zamanda, Borrel və digər yüksək rütbəli Avropa rəsmilərinin xaricə rəsmi səfərlərdə bəzi hallarda yerli hökumətlərin təqdim etdiyi pulsuz otel yerləşmələrindən faydalandıqları bildirilirdi. Bu, Aİ-dəki şəffaflıq məsələlərini yenidən “gündəmə” gətirmişdi.

“Siyasi intihar” və ya Borrelin “gülsüz bağçası”...

“Avropa bağçası və cəngəllik”lə bağlı “məşhur çıxışı” isə Borrelin özünüifşası idi. Bu, bir siyasətçinin “siyasi intiharı” da adlana bilər - bir yandan qlobal demokratiyadan bəhs edən, insan hüquqlarından dəm vuran Borrelin demək olar ki, kiçik bir coğrafi ərazini təcrid etməklə dünyanı “cəngəllik” adlandırması “siyasi dəyənəyin” “iç dünyasını” ortaya qoyur:

- O, qeyri-etik ritorika və qeyri-insani mövqeyi ilə mədəniyyətlər arasında fərq təsviri yaradır;

- Bu çıxış onun kolonialist və irqçi baxışlara malik olduğundan xəbər verir;

- Borrel bu fikirləri ilə müasir dövrdə insan hüquq və azadlıqlarına fərqli standartlar tətbiq etmək deməkdir. 

İllərdir ki, “erməni bağçası”nın calağı olmaq üçün əldən-ayaqdan gedən Borrel bununla tək özünün deyil, təmsil etdiyi “kəsimin” dünyaya baxışına aydınlıq gətirir.

Borrel dünyanı bəyənmirsə...

Bir mühüm məqam isə onun “cəngəllik” adlandırdığı “dünyada” baş verənlərə müdaxilə cəhdləridir. Ortada  təzad var - əgər Borrel və onun kimilər dünyanın Avropadan kənrar hissəsini “bəyənmirsə”, nə üçün orada baş verənlərə təsir göstərmək üçün bütün gücünü səfərbər edir? Əgər Borrel Avropadan kənar regionları “ikinci dərəcəli” qiymətləndirirsə, niyə öz “sərhədlərindən” kənarda baş verənlərə dil uzadır?

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında Prezident İlham Əliyev bildirib ki,  əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! “Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

P.İSMAYILOV

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr