Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə genişmiqyaslı istefaların səbəblərini izah edib. O, açıqlamasında bildirib ki, bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən istefa vermələrini xahiş edib.
Yenicag.az xəbər verir ki, Paşinyan bunun səbəblərinin şəxsi deyil, sistem xarakterli olduğunu vurğulayıb:
“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirirəm ki, bəzi yüksək vəzifəli şəxslərdən istefa vermələrini xahiş etmişəm. Bunun səbəbləri şəxsi deyil, sistem xarakterlidir.”
O, istefa edən şəxslərin dövlətin inkişafına xidmətlərini inkar etmədiyini və onların töhfələrini yüksək qiymətləndirdiyini qeyd edib:
“Adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm. Hər kəsə töhfələrinə və xahişimi anlayışla qarşıladıqlarına görə təşəkkür edirəm.”
Paşinyan hökumətdəki dəyişikliklərin məqsədinin daha effektiv idarəetmə sistemi yaratmaq olduğunu bildirib.