AZ

Paşinyanın saqqalını qırxmasının sirri: istefalar nəyə xidmət edir? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Ermənistanda bir sıra yüksək vəzifəli şəxslər istefa verib. Belə ki, Ermənistanın Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, İstintaq Komitəsinin sədri Argişti Kərəmyan, ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan istefa ərizəsi yazıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan isə kütləvi istefalarla bağlı sosial şəbəkələr vasitəsilə Ermənistan xalqına müraciət edib. O, bir sıra yüksək vəzifəli şəxslərdən vəzifələrini tərk etmələrini özünün xahiş etdiyini bildirib.

Politoloq Zərdüşt Əlizadə bu istefaları Bakupost.az-a şərh edib.

O bildirib ki, Paşinyan 2025-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır:



“Təbii ki, Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. Ona görə də onun öz komandasını dəyişməsi bir fənddir. O, elə təsəvvür yaratmaq istəyir ki, növbəti hakimiyyət dönəmində yeni kadrlar, yeni bir baxış olacaq. Cəmiyyətin fəaliyyətindən narazı olduğu adamlardan xahiş edir ki, istefa versinlər. Köhnə adamların verdiyi şərhlərə cəmiyyət inanmır, amma yeni adamların dediklərinə inanır”.

Politoloq qeyd edib ki, istefa verənlər arasında Argişti Kərəmyan xüsusilə diqqət çəkir:

“Çünki onun Paşinyanın hakimiyyətinin gücləndirilməsində böyük xidmətləri olmuşdu. Çox sərt siyasət yürüdürdü, Paşinyanın siyasi rəqiblərini çıxdaş edirdi. Belə görünür ki, başqa bir kadr gətirəcək vəzifəyə. Paşinyanın həm saqqalını qırxması, həm komandasını nisbətən dəyişməsini yeni hakimiyyət dövrünə ümidlərinin ifadəsi saymaq olar”.

Rəhman Mirzəlizadə, Bakupost
Seçilən
5
bakupost.az

1Mənbələr