AZ

Fransa və Holland neomüstəmləkəçiləri COP29-u heç vaxt unuda bilməyəcək...

Image

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində gündəmə gətirilən əsas məsələlərdən biri də müstəmləkə əsarətinə məruz qalmış ölkələrdə ekoloji müstəvidə yaradılmış böhranla bağlı oldu.

“Dekolonizasiya və “yaşıl gələcək” naminə həmrəylik” adlı yan tədbirdə bu məsələ xüsusi diqqət mərkəzinə gətirildi.  

Qeyd edək ki, tədbirdə vaxtilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri və digərləri iştirak edib. Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilib, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq həmin dövlətlərin müstəmləkəçi siyasətindən vaz keçə bilmədiklərini və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd göstərmələrini pisləyiblər. Bu xüsusda, Fransa dövlətinin siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduqlarını vurğulayıblar. Zambiyalı deputat Kristofer Kalila bildirib ki, Afrikada müstəmləkəçilik edərək yerli xalqların əziyyət çəkməsinə və iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər. O qeyd edib ki, müstəmləkədən əziyyət çəkən xalqlar həmrəy olmalıdırlar: “Biz demokratiyaya və qanunun aliliyinə inanırıq. Ona görə müstəmləkəsiz dünya üçün çağırış edirik. Bu çağırışlar xüsusən Afrikaya mədənçilik sahəsində sərmayə qoymağa gələn çoxmillətli korporasiyalara yönəlib. Biz onların qanunlara ciddi şəkildə əməl etmələrini, torpağın deqradasiyasına yol vermədən, çirkləndirmədən fəaliyyət göstərmələrini istəyirik. Bu şirkətlər və ölkələr harada ətrafı çirkləndirir, müstəmləkəçilik edirlərsə, həmin ərazilərdəki insanlara kompensasiya ödəməlidirlər”.  Korsikanın “Nazione” partiyasının fəal üzvü Fransua Venedet bildirir ki, Fransanın əməlləri müstəmləkə ərazilərində ekoloji problemlərinin nə dərəcədə dərinləşməyə səbə olmanın ən yaxşı nümunlərindən biidir: “Düşünürdük ki, Fransa administrasiyası, ən azı ekologiya naziri COP-da iştirak edəcək. Onlar Fransada ekoloji problemlə bağlı saziş imzalayırlar, ancaq paradoksal vəziyyətdir, onlar bu tədbirdə iştirak etmirlər. Əsrlər boyu davam edən müstəmləkəçilik ciddi nəticələr törədib. Müstəmləkəçilərin mədən istismarı, meşələrin qırılması ətraf mühitə ciddi xələl gətirib və itki, zərər törədib. Bu itki və zərərlərin aradan qaldırılması uzun müddət tələb edir. Bu zərərlər bərpaolunmazdır. Fransa Prezidenti Əlcəzairdə dedi ki, “müstəmləkəçilik bəşəriyyətə qarşı, qlobal səviyyədə ətraf mühitə qarşı cinayətdir”. Müstəmləkəçilik Afrikada, Asiyada son dərəcə çox zərərə və ziyana səbəb olub. Sakit Okean hövzəsində, konkret olaraq Polineziyada nüvə sınaqları nəticəsində böyük problemlər yaranıb. Müstəmləkəçiliyin nəticələri çox ağırdır”.

Bununla yanaşı, belə hesab olunur ki, dekolonizasiya prosesinin uğurlu olması üçün əməli addım atılmalıdır. Afrikanın müstəmləkəçilikdən əziyyət çəkmiş xalqları kimi, hazırda müstəmləkə altında olan bölgələrin də tezliklə dekolonizə edilməsi vacibdir. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarıhələ də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Neoimperial güclər nəinki tarixi müstəmləkəçilik siyasəti ilə, həmçinin müasir dövrdə bu ərazilərdə həyata keçirdikləri ekoloji fəlakətlərlə qlobal ədalətsizliyi davam etdirirlər. Onu da qeyd edək ki, COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib. Aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub. Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar. Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələ ilə bağlı beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər. Bütün bunlar fonunda demək olar ki, iqlim dəyişikliyi təkcə ekoloji problem olmaqla məhdudlaşmayıb, həm də qlobal siyasi-iqtisadi sistemlər və güc balansları üzərində dərin təsirlər yaradır. Digər tərəfdən tropik və subtropik qurşaqlarda yerləşən ölkələrin ümumi qlobal emissiyalarda rolları azdır. Buna baxmayaraq, bu ölkələrin təbii resursları əsasən inkişaf etmiş Qərb ölkələri tərəfindən istismar olunur. COP29-da buna son qoyulması üçün konkret çağırışlar edilir.

Samirə SƏFƏROVA





Seçilən
13
baki-xeber.com

1Mənbələr