AZ

Abxaziyanın qondarma “prezidenti” və “baş naziri” istefa verdilər

Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya və baş naziri Aleksandr Ankvab istefaya gedirlər.

Bunu əvvəllər danışıqlarda iştirak edən ictimai xadim Adqur Ardzinba deyib.

Abxaziya parlamenti bu gün, noyabrın 19-da cənab Bjaniyanın istefasına baxacaq. Hazırkı vitse-prezident Badra Qunba dövlət başçısı kimi fəaliyyət göstərəcək. Baş nazir səlahiyyətlərini Ankvabdan əvvəl – 2018-2020-ci illərdə bu vəzifəni tutmuş Valeri Bqanba icra edəcək. Hazırkı nazirlər ölkənin seçilmiş prezidenti vəzifəsinin icrasına başlayana qədər öz vəzifələrində qalacaqlar.

Abxaziya prezidentinin mətbuat xidməti qeyd edib ki, razılaşmalara əsasən, etirazçılar bu gün zəbt etdikləri hökumət binaları kompleksini tərk etməlidirlər. Əks halda Aslan Bjaniya istefasını geri götürəcək. Saziş tərəflərin əvvəllər üç-üç formatında məsləhətləşmələr apardığı Suxumdakı Müdafiə Nazirliyinin binasında imzalanıb. Sənədi Qunba, Xalq Məclisinin sədri Laşa Aşuba, Dövlət Gömrük Komitəsinin sədri Otar Xetsiya, “Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının rəhbəri Adqur Ardzinba, parlamentin deputatı Kan Kvarçia və Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa imzalayıblar.

Xatırladaq ki, Abxaziyada kütləvi etirazlar noyabrın 15-də parlament deputatlarının Rusiya ilə investisiya sazişinin ratifikasiyasına dair layihəsini qəbul etməsi fonunda başlayıb. Müxalifət hesab edir ki, sənədin ratifikasiyası respublikada orta və kiçik biznesə mənfi təsir göstərəcək və rusiyalı iş adamlarına turizm obyektləri tikmək imkanı verəcək. Etirazçılar xüsusilə prezidentin istefasını və müvəqqəti hökumətin yaradılmasını tələb ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
13
editor.az

10Mənbələr