AZ

“Təmiz içməli suya çıxış ekoloji tarazlığın saxlanılması üçün vacibdir”

Təmiz içməli suya çıxış yalnız əsas insan hüququ deyil, eyni zamanda ictimai sağlamlığın qorunması və ekoloji tarazlığın saxlanılması üçün vacibdir.

Publika.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bu gün COP29 çərçivəsində keçirilən “İqlim Dəyişikliyi ilə Mübarizə: Azərbaycanda Dayanıqlı Su Həlləri və Davamlı Gələcək” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər bir sahədə su davamlı inkişafın təməl daşıdır: “Su resursları kənd təsərrüfatı məhsuldarlığının əsasıdır və milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən suvarma sistemlərini dəstəkləyir. Bundan əlavə, su enerji istehsalında, sanitariya sistemlərində və cəmiyyəti yaxşılaşdıran iqtisadi fəaliyyətlərdə mühüm rol oynayır. Buna görə də davamlı inkişaf üçün səylər dayanıqlı su resurslarının əlçatanlığı, keyfiyyəti və səmərəli idarəçiliyi ilə ayrılmaz şəkildə bağlıdır”.

Agentlik sədri bildirib ki, Azərbaycan bu sahədə mühüm addımlar atıb və Dayanıqlı İnkişaf Məqsədlərinə dair könüllü hesabatlar təqdim etmiş ölkələrdəndir: “Təqribən 10 ildir ki, Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası fəaliyyət göstərir. Bu uzunmüddətli öhdəlik davamlı su idarəçiliyinin milli inkişaf strategiyasına inteqrasiyasına dair Azərbaycanın iradəsini nümayiş etdirir və oxşar problemlərlə üzləşən digər ölkələr üçün nümunə rolunu oynayır. Su həyatın təməlidir, hər bir ekosistem, iqtisadiyyat və cəmiyyət üçün əsasdır. Onun əlçatanlığı, keyfiyyəti və səmərəli idarə olunması davamlı və dayanıqlı gələcək qurmaq istiqamətində atdığımız səylərlə sıx bağlıdır, xüsusilə iqlim təsirlərinin artdığı dövrdə”.

Z. Mikayılov qeyd edib ki, iqlim dəyişikliyi sürətlənir və su təhlükəsizliyinə misilsiz çağırışlar gətirir: “Qlobal temperaturun artması, yağıntı rejimlərinin dəyişməsi və ekstremal hava hadisələri şirin suyun əlçatanlığını sarsıdır, insan və təbii sistemlərə təhlükələr yaradır. Quraqlıqların artan tezliyi və şiddəti adaptasiya olunmuş və dayanıqlı strategiyaların zəruriliyini vurğulayır. Azərbaycan artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarını tətbiq edib”.

Seçilən
8
5
publika.az

6Mənbələr