Çinin avtomobil istehsalçısı "BYD", 30-cu ildönümünü 10 milyonuncu yeni enerji vasitəsinin (elektrik və plug-in hibrid) istehsal xəttindən çıxarılması ilə qeyd edib.
Valyuta.Az "Haber Türk"ə istinadən xəbər verir ki, "BYD", elektrik və plug-in hibrid avtomobil istehsalında 10 milyonluq hədəfə çatan dünyanın ilk markası olub. Çin markası ilk 5 milyon yeni enerji avtomobilini 15 il ərzində istehsal etdiyi halda, növbəti 5 milyon avtomobili cəmi 15 aya istehsal edib.
İstehsal xəttindən çıxarılan 10 milyonuncu avtomobil "BYD"nin premium markası olan "DENZA"nın Z9 modeli olub. Bu xüsusi model, "Black Myth: Wukong" oyununun yaradıcı şirkəti "Game Science"ın icraçı direktoru Fen Ji-yə (Fen Ji) təqdim edilib.
"BYD"nin idarə heyətinin sədri və baş icraçı direktoru Van Çuanfu (Wang Chuanfu), 30-cu ildönümündəki çıxışında şirkətin 20 əməkdaşdan ibarət bir startapdan qlobal miqyasda təxminən 1 milyon nəfərlik nəhəng bir təşkilata çevrildiyini bildirib. O, həmçinin "BYD"nin texnoloji yeniliklərə bağlılığını və mobilliyin gələcəyinin formalaşmasında oynadığı mühüm rolu vurğulayıb.
Bundan əlavə, "BYD" bir yüksək texnologiya şirkəti kimi, ağıllı texnologiyalarla dəstəklənən avtomobil sistemlərinin inkişafı üçün qarşıdakı dövrdə 100 milyard yuan (təxminən 13 milyard avro) investisiya yatıracağını açıqlayıb.
Qeyd edək ki, "BYD", 2026-cı ildən etibarən Türkiyənin Manisa şəhərində hibrid və elektrik modellərinin istehsalına başlayacaq.
Rəhim