Salman Qəmbərov caz musiqiçisi, pianoçu, bəstəkar, aranjimançı, Azərbaycanın Xalq artisti, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının art-direktorudur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunudur, tanınmış opera müğənnisi, Azərbaycanın Xalq artisti Hüseynağa Hacıbababəyovun nəvəsidir. “Bakustiс Jazz” qrupunun yaradıcısı, bir neçə audioalbomun müəllifi olan S.Qəmbərov müxtəlif ölkələrin bir çox musiqiçiləri ilə əməkdaşlıq edib, çoxsaylı festivalların və musiqi layihələrinin iştirakçısı olub.
Bu yaxınlarda Salman Qəmbərov “Bakustic Jazz” kollektivi ilə birgə Vyana və Brüsseldə qastrol səfərində olub. Orada Avropa tamaşaçıları qarşısında böyük müvəffəqiyyətlə çıxış edib. AZƏRTAC şəhərin sevimli cazmeni ilə söhbətə məhz bu hadisədən başlayır.
-Salman müəllim, sizi uğurlarınız münasibətilə təbrik edirəm! Hansı hisslər keçirirsiniz?
-Çox səmimi qəbul idi, gözəl dinləyicilər, gözəl klublar! Bizim Vyanadakı mədəniyyət mərkəzinə çox sağ ol deyirəm. Orada çalışan bütün komanda gözəl insanlardan ibarətdir. Onlar nəyi nümayiş etdirməyi, bizim mədəniyyəti necə təqdim etmək lazım olduğunu bilirlər. Eyni sözləri Belçikadakı səfirimiz Vaqif Sadıqov barəsində də deyə bilərəm. Mən onu çoxdan, hələ tələbəlik illərindən tanıyıram, biz hətta eyni avtobusda getmişik: mən Konservatoriyaya, o isə Xarici Dillər İnstitutuna, həm də məndən bir dayanacaq əvvəl enirdi.
-Siz hansı məkanlarda və hansı proqramla çıxış etmisiniz?
-Vyanada biz Avropanın ən yaxşı caz-klublarından biri olan “Porgy&Bess”də və “Frau Mayer”də çıxış etdik. “Porgy&Bess”də 1930-cu illərin məşhur Azərbaycan filmi olan “Lətif”in saundtrekini ifa etdik. “Frau Mayer”də mən solo proqramı ilə etnocaz ifa etdim, bunu prinsipcə caz-muğam adlandırmıram, çünki bu termini xoşlamıram. “Bakustic” triosu ilə caz standartlarını da ifa etdik. Eyni proqramı Belçikada, Brüsseldə nümayiş etdirdik. “The Music Village” caz-klubunda çıxış etdik. Yeri gəlmişkən, Fikrət Əmirovun nəvəsinin həyat yoldaşı həmin caz-kluba rəhbərlik edir, o, belçikalıdır.
-Bildiyim qədər sizin “Bakustiс Jazz” qrupunun tərkibi layihələrdən asılı olaraq dəyişir. Siz bu dəfə hansı heyətlə getmişdiniz?
-Bəli, mən onu “məhdudiyyətsiz məsuliyyətli açıq cəmiyyət” adlandırıram. Qrup 1996-cı ildə yaradılıb, o vaxtdan heyət kadr tərkibinə görə deyil, məhz layihələrdən asılı olaraq müəyyən dəyişikliklərlə rastlaşıb. Mənə perkussiyalar lazım olanda Tofiq Cabbarov, nağara lazım olanda Natiq Şirinov bizimlə çıxış edib. Çoxlu müxtəlif müğənnilər, nəfəs alətlərində ifaçılar olub. Bir neçə il bundan əvvəl mən “Bakustiс Jazz”da 25 il əməkdaşlıq etdiyim həmkarım Emil Həsənovu itirdim...
Bu dəfə mənim iki layihəm və iki triom vardı: mən və hər layihəyə iki musiqiçi. Fuad Cəfərov və Nicat Bayramovla caz musiqisini ifa etdik. “Lətif” layihəsində isə əvəzsiz iştirakçı, Xalq artisti Fəxrəddin Dadaşov, - bu layihəni onunla 2001-ci ildə başlamışam, - və nağaraçı Eyvaz Həşimov – o, ilk dəfə idi iştirak edirdi. Layihənin 23 yaşı var, biz onunla dünyanın yarısını gəzib-dolaşmışıq: onu Soçidən tutmuş Argentinayadək təqdim etmişik.
Sizin gəlişinizdən 5 dəqiqə əvvəl bizim “Porgy&Bess”də çıxışımızın yazısını mənə göndərdilər. Hər şey peşəkarcasına qeydə alınıb. Mən onu dinləyəcəyəm, əgər CD-yə layiq olarsa, o halda CD şəklində buraxa bilərəm. Mən canlı konsertləri sevirəm, “studiyalılığı” o qədər də xoşlamıram. Həm də bizdə caz musiqisini yazan studiyalar yoxdur.
-Xüsusi studiya olmalıdır?
-Royal olmalıdır – bu, əsas şərt kimidir. Sonra yaxşı səs rejissoru da olmalıdır. Bu və ya digər layihənin necə səslənməyini anlayan səs mühəndisi olmalıdır. Hər layihənin öz “saund”u var.
-Salman müəllim, bəs vəziyyət niyə belədir?
-Deyək ki, studiyalar bizdə yalnız şou-biznesə işləyir. Orada hər şey var: divanlar, kofe-maşınlar, cakuzi...
-Royal isə yoxdur!
-Royal isə yoxdur...
-Siz Avropadakı uğurunuzu necə izah edə bilərsiniz? Publika ilə hansısa qarşılıqlı əlaqə var idi? İnsanlar yaxınlaşıb nə isə deyirdilər?
-Təbii ki, yaxınlaşırdılar, həmişə yaxınlaşırlar. Lakin sən artıq ifa zamanı hər şeyi hiss edirsən, stullar cırıldamır, çəngəl-qaşıq səs salmır, dikdabanların səsi gəlmir... Sən anlayırsan ki, səni dinləyirlər. Onlar buna görə pul ödəyirlər. Ora təsadüfi insanlar gəlmir. Mən anlayışlı tamaşaçı üçün ifa edəndə, özümü rahat hiss edirəm. Əlçatan olmağım üçün hansısa populist addımlar atmağı xoşlamıram. Mən ürəyim istədiyimi ifa edirəm, bunun əlçatan olub-olmaması isə hər kəsin fərdiliyindən asılıdır.
-Salman müəllim, siz dünyanın yarısını gəzmisiniz. Hansı ölkədə çıxışınız sizin üçün ən yaddaqalan olub?
-Bu, bir deyil, bir neçə çıxış olacaq. Seçim etmək çox çətindir... Əlbəttə 2012-ci ildə Parisdə UNESCO-nun binasında çıxışım yaddaqalan olub. Hörbi Henkok gələrək bütün dünyada aprelin 30-nu Caz Günü elan etdi, yəni bizim peşə bayramımızı. Biz bu bayrama dəvət olunmuşduq. Orada da iki layihəni təqdim etdik: həm “Lətif”i, həm də “Bakustiс Jazz”ın çıxışını. Mən bu günü xüsusilə xatırlayıram. Hörbi Henkok da tribunadan Azərbaycanı bu layihəni dəstəkləyən ölkə kimi vurğuladı. Bu, böyük fəxr idi ki, belə yüksək tribunadan caz ustadı, superulduz bu barədə deyir. Montrödəki caz festivalı da yaddaqalan olub. Çünki sənin arzuladığın festivala səni dəvət edəndə bu, yadda qalmaya bilməz. Montrödə çıxış etmək arzum yerinə yetdi. Avropanın caz klublarında çıxış etmək arzusu vardı, o da həyata keçdi.
-Hələ həyata keçməyən arzularınız varmı?
-Nə həyata keçməyib... Mən həmişə filmə musiqi yazmaq istəmişəm, bu da həyata keçib. Cavab verməyə çətinlik çəkirəm.
-Yaxşı, gəlin, bu suala bir azdan qayıdaq. Salman müəllim, siz xaricdə Bakı caz məktəbini təmsil edirsiniz. Onun özəlliyi və unikallığı nədədir?
-Yəqin ki, unikallığı ondadır ki, bizdə başdan-başa pianoçulardır. Yaxşı nəfəs alətləri məktəbinin olmasını istərdim, kontrabas çalanın bir deyil, bir neçə nəfər olmasını istərdim. Bu, yəqin ki, “mənfi” işarəli unikallıqdır.
-Bəs niyə belə olub?
-Niyə belə olduğunu demək çətindir... İnfantillik amilimi var? Yoxsa toylar bizi qabaqlayır... Maliyyə baxımından caz musiqisi bu rəqabətə tab gətirmir. Əgər sən toy biznesinə qoşulursansa, onda heç. Onları bir araya gətirmək – həm burada, həm orada olmaq çox çətindir. Çünki sənin beyinin həmişə tamamilə başqa musiqi ilə dolu olur. Üstəlik reputasiyaya da xələl gəlir. Zövq də korlanır, xüsusən də o, hələ səndə formalaşmayıbsa.
-Bəs bizim caz məktəbimizin bütün dünyada tanınması üçün nə etmək lazımdır? Bəlkə burada oxumağa gəlmək istəyənlər də olardı?
-Yox, “oxumağa gəlmək” alınmayacaq. Onlar fərdi gələ bilər, etnik musiqimizlə maraqlana bilərlər. Bəzi əcnəbilər etnik aranjimanlarıma qulaq asıb mənimlə onlayn məşğul olmaq istəyirdilər. Bizim təbir tamamilə başqa harmoniyalı şəbəkəni diktə edir, bu, onlara maraqlı idi. İstəyirdilər ki, mən onları öyrədim. Lakin bundan ötrü muğamlardan başlamaq lazımdır! Digər tərəfdən də mən onlayn-məşğələlərin həvəskarı deyiləm, bu, mənlik deyil. Bax etnik hissə əcnəbiləri maraqlandıra bilər. Belə də... Bizimkilər xaricə getməli və caz musiqisini orada öyrənməlidirlər. Lakin lazım olan adamlar getməlidir! Mənim üçün çox ağrılıdır ki, dövlət hesabına lazım olmayanları göndərirlər. Başqalarını göndərmək lazımdır ki, öz musiqi təhsillərini artırsınlar və orada vicdanla məşğul olsunlar. Əksər hallarda lazım olmayanları göndərirlər və bu, mənim ağrılı tərəfimdir.
Hər nəslin öz ağrısı var. Rafiq Babayev və Vaqif Mustafazadə nəslinin Bakıda caz klubu yox idi. Bizim nəsil caz klubunu yalnız 1997-ci ildə gördü. Lakin bizim xaricdə təhsil almaq imkanlarımız oldu. Sonrakı nəsil təhsil almaq imkanına malikdir, bundan istifadə etmək lazımdır, özü də vicdanla. İstərdim bütün bunlar ciddi olsun. Bax, Elçin Şirinov ciddi musiqiçidir, müxtəlif caz layihələri hazırlayır və etnik musiqimizi də ifa edir. Lakin o, bunu populist kimi deyil, ciddi musiqiçi kimi edir. İstərdim ki, gənclərimiz ondan örnək götürsünlər. Bilsinlər ki, nəyi oxumaq, nəyi öyrənmək lazımdır. Cazı puldan çox sevmək lazımdır. Özünü cazda deyil, cazı özündə sevmək lazımdır. Özünü göstərmək lazım deyil. “Səhnəyə necə çıxmalıyam? Aha, belə lazımdır!” Çıxdın “necə lazımdır”, royal arxasına əyləşdin – sıfır!
-Təhsil sualına qayıdaq. Siz akademik təhsil almısınız. Lakin cazı müstəqil surətdə öyrənmisiniz.
-Mənim nəslimdən olanların hamısı belədir. Biz əvvəlki nəsillərdən qalan lent yazıları üzərində öyrənmişik.
-Bu yaxşı, yoxsa pisdir?
-Başqa imkan da yox idi! Yalnız lent yazıları. Rafiq Babayev və Vaqif Mustafazadənin dövründə dəmir pərdə vardı. Bizim dövrümüzdə bu pərdə yarıyadək açılmışdı, lakin harasa oxumağa getmək kimi imkanlarımız yox idi.
-Ümumiyyətlə, akademik təhsili olan tələbənin caz öyrənməsi qəbul edilirdi?
-Bunlar hamısı olduqca fərdidir. Bizdə musiqiçilərin çoxu caza özfəaliyyət vasitəsilə gəliblər. Özfəaliyyət hərəkatı güclü idi – hər zavod, fabrik, institut üçün peşəkar alətlər alınırdı, buna məqsədli vəsait ayrılırdı. Bu, fəhlələrə maraqsız olduğuna görə klublar həmişə yuxarı kursların tələbələrini dəvət edirdilər. Məsələn, bizi MUM-un (Mərkəzi Universal Mağaza) yanında yerləşən “Azərnəşr” nəşriyyatına dəvət edirdilər. Orada yaxşı alətlər vardı, direktorun klubu Yaşa dayı yaxşı insan idi. Biz gəlirdik, məşq edirdik, proqramlar hazırlayırdıq. Ona isə lazım idi ki, ildə iki-üç dəfə hansısa tədbirlərdə çalaq. Əlbəttə çalarıq! Biz pulsuz ifa edirdik. Pul nədir? Bizə çalmaq təklif elə, istər Bayıl qəsəbəsi, istər Razin (indiki Bakıxanov qəsəbəsi) olsun, böyük məmnuniyyətlə gedirdik. İndi bizim artıq Avropa ölkələrində bir neçə dəfə olmuş 18-19 yaşlı gənclər hara və neçəyə getmək üçün seçim edirlər. Vəziyyət hər şeydə dəyişir. Lakin bununla yanaşı bəzi musiqiçilərin ifa keyfiyyəti... Bəlkə ona görə ki, onlar özfəaliyyət məktəbini keçməyiblər?
-Bəlkə onları hansısa yolla yönləndirmək lazımdır?
-Oxumağa istək olmalıdır!
-Salman müəllim, bəs siz onlar yaşda olanda necə oxuyurdunuz?
-Mənə harmoniya üzrə ev tapşırığı veriləndə, müəllimin proqram üzrə dediyini edirdim, üstəlik bunun üzərinə proqramda olmayanı gəlirdim, daha sərbəst ifa edirdim. Bilirsiniz necə, çörək var, yağ var, üstəlik mən qara kürü də əlavə edirdim. Yəni proqram üzrə yerinə yetirdiyim “5” almağa kifayət edirdi. Lakin bu klassik çərçivədə sıxılırdım. Bunu 15-20 dəqiqə ərzində edirdim. Lakin mən axı bunu başqa cür də hiss edirəm və bunu da göstərmək istəyirəm!
-Bu, bəyənilirdi?
-Mənim müəllimim bunu nəinki bəyənirdi, hətta sevinirdi! Əgər pedaqoq öz fənnini pis bilirsə, bu, onu qıcıqlandıracaq. Müəllim özünə əmin olmalıdır, o halda şagirdin hər bir uğuru onu sevindirəcək. Çünki dərs deyəndə, biz də yaxşı tələbələrdən öyrənirik.
-Uğurlara gəlincə, bu, kimlərisə sevindirir, kimlərisə yox... Müsahibələrinizin birində danışmışdınız ki, babanız, Xalq artisti, opera müğənnisi Hüseynağa müəllim sizin Avropa-Amerika ifa tərzinizi çox da sevmirdi...
-Bəli, bəli! Əlbəttə, 1898-ci il təvəllüdlü insan! Kiçik bacım Azərbaycan musiqiləri çalırdı, o, məmnuniyyətlə ona qulaq asırdı.
-Siz də buradan... Və necə gəldi!
-O vaxt hələ “və necə gəldi” yox idi... 1972-ci ildə o, dünyasını dəyişəndə mənim 13 yaşım vardı. Mən istədiyimi ifa edirdim. O vaxtlar mənim xalq melodiyalarına meylim yox idi. Həmin dövrlərdə estrada populyar idi - Yuqoslaviya, Polşa, Bolqarıstan estradası və əlbəttə ki, Müslüm Maqomayev, Polad Bülbüloğlu.
-Lakin o, bunu o qədər də bəyənmirdi...
-O deyirdi: “Mənim başım sənə görə ağrıyır”...
-Belə anlarda siz özünüzü necə hiss edirdiniz? Elə bir hiss var idi ki, bax, babanın xoşuna gəlmir...
-Yox, yox. Mən sinif yoldaşlarımın xoşuna gəlirdim. O vaxt bu, mənim üçün daha mühüm idi.
-Lakin olar bilər, bu, sizi müəyyən dərəcədə möhkəmləndirdi? Çünki deyirlər ki, sizin musiqiniz heç də hamıya aydın deyil...
-Əlbəttə! Bu, artıq barəsində dediklərimdir: hamıya anlaşıqlı olmasından ötrü populizmlə məşğul olmaq lazımdır. Mən isə bununla məşğul olmuram. Bu səbəbdən də kiçik zalları, kiçik salonları sevirəm. Stadionlar məni maraqlandırmır...
-Əgər sizə qulaq asmaq istəyən bir stadion adam yığılarsa?
-Xeyr, belə olmur. Cazı belə meydanlarda çalmırlar. Maksimum zal 2-3 min nəfər tutur. Mən böyük zallarda ifa etmişəm, məsələn, Çində, ABŞ-da, Kanadada. Lakin bu, başqa musiqi idi. Bunlar mənim layihələrim deyildi. Onlar etnik, lakin başqa xalqa aid idi. Bu, işimizin bir hissəsidir, səni layihəyə dəvət edirlər, çünki sənin etnik musiqi biliklərin lazımdır. Mənim monqol, çinli, kürd, türk, iranlı musiqiçilərlə layihələrim olub.
-Yəni belə çıxır ki, etnik musiqinin mahiyyətinin quruluşu barədə anlayışınız olduğuna görə siz hər hansı ölkədə istənilən musiqiçilərlə çıxış edə bilərsiniz?
-Hər hansı ölkədə yox. Məsələn, Balkan musiqisi çox mürəkkəbdir! Onu elə-belə, not materialı biliyi olmadan ifa etmək alınmaz.
-Məgər Çin musiqisi mürəkkəb deyil?
-Xeyr, təbir quruluşu baxımından daha sadədir. Balkan musiqisi ritmik baxımdan çətindir – orada simmetriya yoxdur. Biz öyrəşmişik: bir-iki-üç-dörd, bir-iki, bir-iki və ya bir-iki-üç, bir-iki-üç...
-Bəs orada nə baş verir?
-Bax, orada isə (ritm tutur). Hər zaman ritm dəyişir. Ya həmişə göz qabağında not olmalıdır, ya da orada doğulmalısan ki, onların ritmik hərəkətlərini hiss edəsən.
-Salman müəllim, qırağa qoyduğumuz suala qayıdaq? Siz Xalq artistisiniz, dünyanın yarısını gəzmisiniz, layihə siyahınız kilometrlərlədir... Hələ həyata keçməyən hansı arzularınız var?
-Bəli, bu arzular yavaş-yavaş çin olur. Bu il yubileyim, 65 yaşım tamam olacaq. Aprelin 5-də İstanbulda necə deyərlər, yubileyöncəsi solo konserti verəcəyəm (müəllif - Salman Qəmbərovun ad günü aprelin 18-dir). Tədbir Camal Rəşid Rey konsert zalında olacaq. Bu, yeri gəlmişkən, iri zaldır. Mənim triom gedəcək, müğənni İlhamə Qasımova olacaq, yerli musiqiçilərdən götürəcəyəm, onlarla da əməkdaşlıq edirik. Sonra Almaniyada çıxışlar olacaq, avqustda pianoçu Florian Veberlə, sentyabrda – İsveçrə. Üstəgəl mənim Rəşid Behbudov teatrında gündəlik işim, axşam klub işi. İstirahət günləri isə nəvələrlə ünsiyyət.
-Salman müəllim, bəs nə isə qeyri-adi, fövqəltəbii istəyiniz varmı?
-Yox-yox, fövqəltəbii heç nə! Nəyimə lazımdır ki? Mənim hələ ki, heç bir fövqəltəbii istəklərim yoxdur... Mən harada olduğumu, nə olduğumu, kim olduğumu bilirəm. Məndə hər şey təlaşsızdır. Asta getsən, çox gedərsən. Hələ ki, hər şey alınır. Mənim bütün lokal arzularım tədricən həyata keçir.
-Yaxşı, bəs siz öz missiyanızı nədə görürsünüz?
-Mən bu musiqi ilə maraqlananlara məmnuniyyətlə məsləhətlər verirəm. Bunu pulsuz edirəm. Ancaq öz seçdiklərim üçün bunu edirəm. Bu, mənim hüququmdur. Mən məktəb, akademiya açmıram...
-Niyə? Bizim caz akademiyamız olardı!
-Yox... Mən belə ümid bəsləmirəm. Müxtəlif səviyyələrdə dərs demişəm. Hər yerdən də özüm getmişəm. Heç vaxt işdən çıxarılma hallarım olmayıb. Həmişə özüm gəlmişəm və özüm də getmişəm. Allaha şükür, məni tapmaq istəyən bunu həmişə edə bilər. Mən burada, öz iş yerimdəyəm. Mənim pianom var, repetisiya otağım var. Yeri gəlmişkən, bizdə elə demokratik repetisiya otağı var ki, Bakı şəhərinin yarısı burada məşğul olur. Onlar sadəcə zəng edir və soruşurlar: məşq etmək olar? Biz hansısa qrafik qururuq ki, heç kəs heç kimə mane olmasın. Biz daha çox caz və etnocaz musiqiçilərinə kömək edirik, xalq musiqisi ilə məşğul olanların məşq etməyə yerləri var. Bütün bunlar pulsuz, təmənnasızdır. Biz bunu ondan ötrü edirik ki, uşaqlar musiqi ilə məşğul olsun.
Burada, bizim teatrda bu, həm ənənə, həm də devizimizdir. Teatr bundan ötrü yaradılıb. Rəşid Behbudovun ruhu şad olsun, belə baza yaratmağa macal tapdığına görə minnətdarıq. Düzdür, özünə burada çıxış etmək nəsib olmadı, yalnız məşq elədi. Lakin o, elə miras qoydu ki, bizim bölüşməməyə ixtiyarımız yoxdur! Bizim işimiz bu sərvəti musiqi ilə ciddi məşğul olmaq istəyən və musiqini puldan çox istəyənlərlə bölüşməkdən ibarətdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta