I məqalə
Ədalət mülkündən kim üz çevirsə,Ona aqil deməz ağıllı kimsə.
Nizami Gəncəvi
Avropada “öldürə bilərsən” imtiyazının təzadları
İndi demək olar ki, hər bir müasir insan üçün adi səslənən “faşizm”in qədim tarixi vardır. Bu söz nə qədər paradoksal və qəribə də olsa, dövlətçiliyi, cəmiyyətin bütövlüyünü qorumaq adı altında siyasi anlam kəsb etmişdir. Etimoloji olaraq da faşizm “birliyi”, “ittifaqı”, “vahid dəstə olmağı” ifadə edir. Bu sözün həm latın, həm də italyan mənşəyi haqqında yazırlar.
Terminin etimoloji detallarına varmadan deyək ki, faşizm Qədim Romada xüsusi sosial, siyasi, tənzimləyici mexanizm kimi tətbiq edilmişdir. Bunun üçün ayrıca qruplar formlaşdırılmışdır. Onlara xüsusi sarğılar verilmişdir. “Fassio” adlanan simvol və onun predmet təcəssümü olan və silah kimi tətbiq edilən yaraq yaratmışlar. Fassionu, məsələn, Qədim Romada magistratlar daşımaq hüququna malik idilər. Onlar dəstə halında dolaşır və lazım bildikləri yerdə uyğun saydıqları insanlara qarşı zor tətbiq edirdilər.
Sonralar fassionu təkmilləşdirərək ona balta birləşdirmişlər və bu da qətlə yetirmək praktikasını dövləti qorumaq adı altında tədricən kütləviləşdirməyə imkan yaratmışdır.
Fassionu daşıyan insan rəsmləri Avropa tarixində adi hallardan biridir. Bununla bağlı, demək olar ki, Avropanın hər bir dövlətinin “zəngin arxivləri” indi də mövcuddur. Sanki Avropa faşizmi simvollarda da əbədiləşdirmişdir! Hətta indi fassio Fransanın emblemində vardır. Digər Avropa dövlətlərinin dövlətçiliklə bağlı rəsmi simvollarında da yer almışdır.
Əsrlər boyu Avropada fassioya əsaslanan zorakılıq mövcud olmuşdur. O, çoxlu sayda budaqların (çubuqların, nazik ağac qollarının) bir dəstəyə toparlanaraq ətrafında müəyyən iplə və ya başqa nazik maddə ilə birləşdirilən, dağılmağa qoymayan halda qalmasına imkan verən silahdır. Belə görünür ki, özünün yetişmiş ideoloji formasında “faşizm” adlanan hadisə qədimdən avropalı şüurunda ənənəyə çevrilmişdir.
İndi özünün mədəniyyəti, texnologiyası, demokratiyası, liberalizmi, mədəniyyətinin “universal olması” ilə öyünən “Qoca qitə” üçün, bu, xeyli dərəcədə təzadlı, ziddiyyətli və hətta acınacaqlı haldır!
Doğrudanmı, Avropa və bütövlükdə, Qərb lap qədimdən radikalizmə, zorakılığa meyilli olmuş və real olaraq praktikada onu dəfələrlə tətbiq etmişdir? Bu barədə Qərb filosofları, politoloqları və sosioloqları, ümumiyyətlə, elm adamları hansı fikirləri söyləmişlər?
Qətlsiz cəmiyyət: bu, mümkündürmü?
Bu sualı XX əsrin ikinci yarısında Koreya müharibəsinin ideoloqu Qlenn Durland Peyc yazdığı kitabda qoymuşdur. Q.Peyc ABŞ-da dünyaya gəlmişdir, sırf Qərb tərbiyəsi görmüş və orada təhsil almışdır. 1950-ci ildə Koreya müharibəsinin başlanmasında onun təsiri çox olmuşdur. Prezident H.Trumeni bu müharibəyə təhrik edən əsas ideoloq idi. Lakin maraqlıdır ki, Q.Peyc müharibədən sonra tamamilə mövqeyini dəyişmişdir. O, qeyri-zorakılığı təbliğ edən siyasi-ideoloji hərəkat yaratmışdır. Bu zaman Mahatma Qandinin siyasətini nümunə kimi mənimsəmişdir.
Politoloqin fikir dəyişikliyi 1973–1974-cü illərdə baş vermişdir. 22 ildən çox araşdırma nəticəsində “Qeyri-zorakılıq haqqında qlobal elm” adlı əsər yazmışdır. Bu əsər 30 dilə tərcümə olunmuşdur. Onun təsiri altında 2007-ci ildə Holonunuda (Havaya ştatı) zorakılığa qarşı olanların ilk beynəlxalq tədbiri keçirilmişdir.
Politoloqun 2002-ci ildə nəşr olunan “Qətlsiz cəmiyyət: bu mümkündürmü?” monoqrafiyası da geniş əks-səda doğurmuşdur. Orada Q.Peyc Qərb cəmiyyətinin qədimdən qətl törətmək hadisəsinə məişətdə, elmdə və fəlsəfədə yanaşmasını təhlil etmişdir. Onun gəldiyi qənaət qısaca belədir: Avropada və Amerikada qətl etmək qədimdən həyat tərzinin bir hissəsi olmuşdur. Motivindən asılı olmayaraq qərbli insanın kimisə öldürməsi mövcud hüquqi çərçivəyə uyğundursa, normal sayılmışdır.
Maraqlıdır ki, bu ideyanı insanlara Qərb fəlsəfi və elmi fikri də yeritmişdir. Q.Peyc bu məqsədlə Platon və Aristoteldən tutmuş Orta əsrlərdə, İntibahda, Yeni dövrdə və XX əsrdə Qərbdə yaşayıb yaratmış filosofların və elm xadimlərinin əsərlərindən konkret fikirlərə istinad etmişdir (bax: Пейдж Г. Общество без убийства: Возможно ли это? / Пер. с англ. А.Г.Старцевой. - СПб.: Изд-во С.-Петерб. ун-та, 2005. - 186 с. ISBN 5-288-03600-4). Kitabın 22-ci səhifəsində o yazır ki, bütövlükdə, Qərb fəlsəfi və elmi tarixində “qətlə yetir!” hökmü dəbdə olmuşdur.
Filosoflar, kulturoloqlar, psixoloqlar, tarixşünaslar və sosioloqlar bu məsələnin müxtəlif cəhətlərini də öyrənmişlər. Burada bizim üçün maraqlı olan kanadalı sosioloq Marşall Maklyüenin Qərb insanının özündənrazı, başqalarına yuxarıdan aşağı baxan və eqoizmi yüksək olan varlıq kimi yetişməsində əlifbanın rolu ilə bağlı apardığı təhlillərdir. Latın qrafikası onun fikrinə görə, insanlarda daha çox mücərrəd düşüncə tərzini stimullaşdırır. Çünki simvol olaraq bu əlifba həmin psixoloji elementləri yaradır. Bundan fərqli olaraq isə məsələn, Çin əlifbası insanlarda obrazlı-emosional təfəkkür formalaşdırır. Bu cür insanlarda həyata bağlılıq, ona hörmət və təbiətlə bütünləşmə güclü ola bilər. Eyni məntiqlə ərəb və ya başqa əlfbaların psixoloji təsirini öyrənmək maraqlı olardı.
Tarixşünas Benedikt Anderson millətlər və millətçiliyin formalaşması prizmasında Qərb siyasi düşüncə tərzinin bir sıra özəlliklərini təhlil etmişdir. Onun qənaəti belədir ki, Qərb insanına məxsus müstəsnalıq duyğusu başqa mədəniyyət sistemlərinə və bütövlükdə, xalqa, millətə və cəmiyyətə ikili münasibət yaratmışdır. Nəticədə müxtəlif növ fobiayalar – antisemitizm, islamofobiya, fərqli mədəniyyətlərə yuxarıdan aşağı yanaşma, və s. kimi qüsurlar meydana gəlmişdir.
Qərb bu cür yanlışlıqlara görə, çoxlu sayda fərqli mədəniyyətləri məhv etmişdir. B.Anderson vurğulayır ki, bunlardan xilas olmağın faydası vardır.
Nəhayət, bir nümunə də, nə qədər paradoksal olsa da, sırf elmi-metodoloji araşdırmadan göstərə bilərik. XX əsr Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən olan Pol Feyerabend “Əlvida, zəka” adlı əsərində Qərb düşüncə tərzi ilə bağlı maraqlı məqamlara toxunmuşdur. P.Feyerabend Homerin insan haqqında təsəvvürünü tənqid edir, Platonu insan yaradıcılığını doğru araşdırmamaqda günahlandırır və bütövlükdə fəlsəfədə insan fəaliyyətinə fərqli yanaşmanın formalaşdırılması ehtiyacını vurğulayır. P.Feyerabendin əsas etirazı Qərbdə insan fəaliyyətinin dünyadan təcrid olunmuş kimi dərk edilməsi və bununla real mövcud olan subyekt-dünya vəhdətinin pozulması ilə bağlıdır. Belə olan halda insanın hətta elmi yaradıcılığı konkret sosial, psixoloji, kültür apatyaları əmələ gətirə bilir.
Biz, X.Orteqa və Qassetdən, O.Şpenqlerdən və digər Qərb mütəfəkkirlərindən də nümunələr gətirə bilərik. Yalnız onu deyək ki, “Qərbin qürubu” əsərinin müəllifi Osvald Şpenqlerdir!
XX əsr – Avropada yeni zorakılığa keçid
Əlbəttə, dünyanın hər bir regionunda zorakılıq, faşist düşüncə tərzi və qətllər mövcud olmuşdur, olur və yəqin ki, olacaq (Q.Peycin ruhu inciməsin). Məsələn, Qafqazda ermənilər ən çox bu mərəzə yoluxmuşlar və indi də bütün cəhdlərə baxmayaraq ondan qurtula bilmirlər.
Ancaq faktdır ki, məhz avropalılar dünya siyasətində və geosiyasətində XX əsrdə aparıcı rol oynamışlar. İki dünya müharibəsini onlar yaratmışlar. Nüvə silahını onlar kəşf etmişlər. Beynəlxalq münasibətlər sistemini onlar yeniləmişlər (Vestvaldan sonra), elmdə inqilabi kəşflərə nail olmuşlar və, nəhayət ruslarla birgə dünya üzrə əsas güc mərkəzi olmuşlar. Bu vəziyyət, demək olar ki, indi də davam edir.
Geosiyasi nəzəriyyələrin qurulması və tətbiqi də əsas olaraq Qərbdən qaynaqlanmışdır. Z.Bzejinski sivilizasiyaların toqquşmasından, H.Kissincer realpolitika vasitəsi ilə Qərbin geosiyasi hökmranlığa nail olmasından, Jozes Nay (kiçik) Amerikanın “yumşaq güc” vasitəsilə lider olmasından bəhs etmişlər. “Böyük Avrasiya” (Heartland) ideyasının da müəllifi avropalıdır (H.J.Makkinder). Şarl Morras, Jorj Sorel kimlərdir? Avropalı!
İndi hər kəsin dilində olan “qlobal geosiyasətin mərkəzi Şərqə tərəf keçir” tezisinin müəllifi də Z.Bzejinskidir. Yeri gəlmişkən, Z.Bzejinski faşist təşkilatların mövcud olduğu Polşadandır. Mizoçda (indi Ukrayna ərazisidir) yəhudi qadınların edamını (1942-ci il) əks etdirən səhnələrə indi də həyəcansız baxmaq olmur. Doğrudur, dünyada heç kim qəddarlığına və vəhşiliyinə görə erməni faşizminə çata bilməz, lakin adi insanlıq baxımından bu səhnələrin hər biri ürək ağrıdır.
Bütövlükdə, Avropanın çox sayda ölkəsində faşist hərəkatlar XX əsrdə olmuşdur. Məsələn, İtaliyada faşizm, Almaniyada nasional-sosializm, Rumıniyada “dəmir qvardiya”, İspaniyada “İspan falanqası”, Rus faşizmi, Ukrayna hərəkatı, Latviyada “perkonrrusts”, Xorvatiyada “ustaşi” və başqalarını xatırlamaq olar.
İkinci dünya müharibəsindən sonra Avropada faşizm yeni mərhələyə transformasiya etdi və onu neofaşizm adlandırırlar. Neofaşist hərəkatlar klassik faşist hərəkatlardan bir sıra məqamlarına görə fərqlənirlər. Lakin burada konkret fərqlərə keçmədən nəzəri və praktiki baxımdan maraq doğuran iki syasi məqamı vurğulamaq istərdik.
Onlardan biri iki dünya müharibəsinə rəğmən Avropada faşist, nasonal, radikal psixoloji, kültürəl və ideoloji ab-hava yox olmadı. 1945-ci ildən sonra belə Avropa cəmiyyətlərində və siyasi şüurlarda qaldı. Nəinki qaldı, hətta yeni nəzəri təlimlərə adaptasiya olaraq faşizmin yeni növlərini meydana gətirdi. Məsələn, “poststrukturalist faşizm”, “postmodernist faşizm” və s. Lakin necə adlandırılmasından asılı olmayaraq radikal, ultramillətçi, qətledici, dağıdıcı xislətini saxladı. Hətta yeni-yeni gizli və incə metodlar tətbiqinə başladı. Fəaliyyət təsirini Avropada genişləndirərək siyasi statusunu yüksəltdi.
Digər məqam aşağıdakı suallarla əlaqəlidir: Filosoflar, kulturoloqlar, iqtisadçılar və sosioloqlar “bu prosesin səbəbi nədən ibarətdir, hansı faktorlar Avropa cəmiyyətlərində və siyasi dairələrdə radikalllığı, ayrı-seçkiliyi, ədalətsiz münasibətləri körükləyə bilərdi?” kimi suallar üzərində düşünürlər. Yəni neofaşizmə siyasi-ideoloji hadisə kimi həm kənardan praktiki olaraq baxırlar, həm də onun nəzəri izahını verməyə çalışırlar. Bu bağlılıqda müasir fransız sosiologiyasının canlı əfsanələrindən biri olan Mişel Turenin maraqlı və özəl fikirləri vardır.
(ardı var)
F.MƏHƏMMƏDOĞLUXQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta