AZ

Xocalı sakini: İşğaldan azad edilmiş torpaqlarımız xalqımızın Xocalı qurbanlarına vəfa borcudur

Xocalı

Balakən, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xocalı qətliamı tariximizin ən ağrılı faciələrindən biridir. Bu dəhşətli faciədən 32 il ötsə də, Xocalı soyqırımı heç zaman unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Sevinirəm ki, artıq şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası alınıb, işğal altında qalan müqəddəs torpaqlarımız dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən tapdağından azad olunub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Balakən rayonunda məskunlaşan Xocalı sakini, rayonun Qazbinə kənd tam orta məktəbinin direktor müavini Kərim Quliyev deyib.

Ailəsinin, yaxın qohumlarının hələ Xocalı faciəsi baş verməmişdən əvvəl çox müsibətlər gördüyünü, dəhşətlər yaşadıqlarını bildirən Kərim Quliyev o günləri belə xatırlayır: “Xocalı rayonunun Meşəli kəndində anadan olmuşam. Qarabağ hadisələri zamanı düşməndən qorunmaq üçün kəndimizdə özünümüdafiə batalyonu yaradılmışdı və mən də həmin batalyonun tərkibində idim. Ermənilər kəndimizə hücum etmək üçün fürsət axtarırdılar. 1991-ci il dekabrın 23-də düşmən kəndimizə hücum etdi. Kənd hər tərəfdən mühasirəyə alındı. Atışma zamanı Meşəli işğal olundu, evlər yandırıldı. Sonradan kənd sakinləri, özünümüdafiə dəstələri, eləcə də Xocalı və Şuşa şəhərlərindən, Qarabağın kəndlərindən gələn insanların sayəsində kəndimiz düşməndən azad olundu”.

Bu hadisələr zamanı Meşəli kəndinin 27 şəhid verdiyini, qətlə yetirilənlərin 13 nəfərinin onun yaxın qohumu olduğunu diqqətə çatdıran Kərim Quliyev deyib: “Əmim Qənimət Quliyevin, dayım Hüseyn Nurməmmədovun, atamın dayısı oğlu Novruz Novruzovun ailələri, xalam uşaqları kənd uğrunda gedən döyüşlər zamanı erməni vəhşiliyinin qurbanı oldular. Mən özüm 10 saata yaxın Axarçayda mühasirədə qaldım. Sonradan mühasirədən çıxaraq kəndə gəldim. Şəhid olmuş sakinlərimizi Laçının Fərrux kəndinə aparıb, orada dəfn etdik”.

Bundan iki ay sonra, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri və sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhəri yerlə-yeksan edildi. Erməni təcavüzkarlarının Azərbaycana qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər 2 valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsr götürüldü. Əsr götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 20 uşağın taleyi bu günədək məlum deyil.

Bu gün bütün şəhidlərin, eləcə də Xocalı qətliamı qurbanlarının ruhlarının şad olduğunu vurğulayan Kərim Quliyev deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz şəhidlərin qanını yerdə qoymadı, torpaqlarımız düşməndən azad edildi. 2023-cü il sentyabrın 19-da aparılan lokal xarakterli antiteror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. İşğaldan azad edilmiş torpaqlarımız xalqımızın Xocalı soyqırımı qurbanlarına vəfa borcudur”.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentimizin tapşırığı ilə böyük miqyaslı quruculuq-tikinti işləri aparılır. Görülmüş işlər biz xocalılıları ürəkdən sevindirir, öz doğma ata-baba yurdumuza qayıdacağımız günü daha da yaxınlaşdırır”, - deyə Xocalı sakini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
50
azertag.az

10Mənbələr